Ziya Gökalp vəfatının 102-ci ildönümündə məzarı başında anılıb
Türk Dünyasının fikir həyatına mühüm töhfələr vermiş böyük mütəfəkkir, sosioloq və şair Ziya Gökalp vəfatının 102-ci ildönümündə İstanbulun Çemberlitaş səmtindəki məzarı başında keçirilən mərasimlə anılıb.
Türk Ocaqlarının İstanbul şöbəsi tərəfindən müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyi ilə Sultan II Mahmud türbəsinin həyətində təşkil olunan anım mərasimində Ziya Gökalpın nəvələri, Türkiyə Respublikasının TÜRKSOY-dakı nümayəndəsi, dosent A. Kutalmış Yalçın və çoxsaylı dəvətlilər iştirak ediblər.
Anım proqramı Aydınlar Ocağı, Suriya Türkmən Dərnəkləri Federasiyası, İraq Türkmən Mədəniyyət və Yardımlaşma Dərnəyi, İstanbul Krım Tatarları Dərnəyi, Mefkûre Mektebi, Milli Düşüncə Mərkəzi, Milliyyətçi Akademiklər Dərnəyi, Umay Ana Türk Dünyası Qadınlar Birliyi, RUBASAM, Türk Dünyası Araşdırmaları Fondu və 14 Mart Tibb Məktəbliləri Dərnəyi kimi qurumların dəstəyi ilə keçirilib.
Qurani-Kərimin tilavəti ilə başlayan mərasimdə Ziya Gökalpın Türk düşüncə və mədəniyyət həyatına bəxş etdiyi irs ehtiram və minnətdarlıqla yad edilib. Proqram çərçivəsində mərhumun əziz xatirəsinə ehtiram əlaməti olaraq iştirakçılara halva paylanılıb.
Mərasimdə çıxış edən Türkiyə Respublikasının TÜRKSOY-dakı nümayəndəsi, dosent Yalçın Ziya Gökalpın yalnız mütəfəkkir deyil, həm də sistemli nəzəriyyə formalaşdırmış cəmiyyət filosofu, sosioloq, şair və folklorşünaslığa mühüm töhfələr vermiş çoxşaxəli fikir adamı olduğunu vurğulayıb.
Çıxışında TÜRKSOY-un Baş katibi Sultan Raevin anım mesajını iştirakçılara çatdıran və Ziya Gökalpın Türk Dünyasının ortaq mədəni və intellektual irsindəki müstəsna yerinə diqqət çəkən Yalçın, 2026-cı ilin TÜRKSOY tərəfindən “Ziya Gökalpı Anma İli” elan edildiyini xatırladıb. Yalçın bu qərarın TÜRKSOY Daimi Şurasının 41-ci və 42-ci dövr toplantıları çərçivəsində, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təklifi əsasında qəbul edildiyini bildirib.
Ziya Gökalpın vəfatından sonra, 102 il əvvəl, eyni ərazidə toplaşan izdihamları xatırladan Yalçın aradan bir əsrdən çox vaxt keçməsinə baxmayaraq, böyük mütəfəkkirin fikirlərinin yaşadılmasından məmnunluğunu ifadə edib.
Türk Dünyasının ortaq mədəni kimliyinin formalaşmasında mühüm yer tutan Ziya Gökalp əsərləri və ideyaları ilə yeni nəsillərə ilham verməyə davam edir.