TÜRKSOY-un Baş katibi Sultan Raevdən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyevə təşəkkür və vida mesajı
Türk Dövlətləri Təşkilatının Baş katibi
Zati-aliləri, səfir Kubanıçbek ÖMÜRƏLİYEV
Əziz qardaşım,
Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsindəki fəaliyyətinizi uğurla başa vurmağınız münasibətilə öz adımdan və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Katibliyi adından Sizə ən səmimi təbrik və təşəkkürlərimi bildirirəm.
Fəaliyyət müddətiniz ərzində Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, qardaş ölkələrimiz arasındakı həmrəyliyin gücləndirilməsi və Təşkilatımızın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində göstərdiyiniz səyləri böyük rəğbətlə izləmişəm.
Zəngin diplomatik təcrübəniz, dövlət xadimi kimi fəaliyyətiniz və uzlaşdırıcı yanaşmanızla Türk Dövlətləri Təşkilatına uğurla rəhbərlik etmisiniz. Eyni zamanda, qırğız diplomatı olaraq üzərinizə götürdüyünüz bu mühüm beynəlxalq vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirərək ölkəmizi və xalqımızı layiqincə təmsil etmisiniz.
Eyni millətin iki övladı, Türk Dünyasının iki qardaş təşkilatının baş katibləri olaraq birlikdə çalışmaq imkanımızın olması mənim üçün ayrıca məmnunluq və qürur mənbəyidir. Fəaliyyət müddətiniz ərzində aramızda yaranmış səmimi dostluğu, qarşılıqlı etimadı və qurumlarımız arasındakı sıx əməkdaşlığı hər zaman yüksək qiymətləndirəcəyəm.
Türk Dünyasının birliyi və həmrəyliyi naminə göstərdiyiniz xidmətlərin Təşkilatımızın institusional yaddaşında və ortaq gələcəyimizin qurulmasında silinməz izlər qoyacağına ürəkdən inanıram.
Hörmətli Baş katib,
Vəzifələr və məqamlar dəyişsə də, Türk Dünyasına xidmət yolunda qurduğumuz könül bağlarının və qardaşlığımızın daim qalacağına inanıram. Zəngin təcrübəniz və biliklərinizlə bundan sonra da Türk Dünyasına mühüm töhfələr verəcəyinizə heç bir şübhəm yoxdur.
Bu münasibətlə, Türk Dövlətləri Təşkilatına göstərdiyiniz dəyərli xidmətlərə və TÜRKSOY ilə inkişaf etdirdiyiniz sıx əməkdaşlığa görə bir daha təşəkkür edir, bundan sonrakı həyatınızda Sizə möhkəm cansağlığı, əmin-amanlıq, xoşbəxtlik və bol uğurlar arzulayıram.
Ən səmimi salam və hörmətlərimlə.
Sultan Raev
TÜRKSOY-un Baş katibi