TÜRKSOY Türk Dünyasının mədəniyyətini və incəsənətini gələcəyə daşıyır.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Türk Dünyasının zəngin mədəni irsini qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə fəaliyyətini davam etdirir. Türk xalqlarının ortaq tarixindən, dilindən, ənənələrindən və incəsənətindən qaynaqlanan bu zəngin irs TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq platformalarda tanıdılır, mədəniyyətlər arasında möhkəm əlaqələrin qurulmasına töhfə verir.
Yarandığı gündən Türk Dünyasında mədəni əməkdaşlığın aparıcı qurumlarından biri olan TÜRKSOY musiqidən teatra, ədəbiyyatdan kinoya, ənənəvi sənət növlərindən müasir incəsənət sahələrinədək geniş istiqamətlərdə fəaliyyət göstərir. Beynəlxalq festivallar, konsertlər, sərgilər, elmi toplantılar və nəşr layihələri vasitəsilə ortaq mədəni dəyərləri tanıtdırmaqla yanaşı, sənətkarların və mədəniyyət xadimlərinin beynəlxalq səviyyədə bir araya gəlməsinə imkan yaradır.
TÜRKSOY mədəni irsin yalnız qorunmasına deyil, həm də dövrün imkanlarından istifadə edilməklə yenidən şərh olunmasına və gənc nəsillərlə görüşdürülməsinə xüsusi əhəmiyyət verir. Ənənəvi sənət növlərinin yaşadılması, mədəni yaddaşın sənədləşdirilməsi, yeni nəsil sənətkarların dəstəklənməsi və rəqəmsal texnologiyaların mədəniyyət sahəsində səmərəli tətbiqi Təşkilatın gələcəyə yönəlmiş fəaliyyətinin mühüm istiqamətlərini təşkil edir.
Türk Dünyasının mədəni zənginliyini ümumbəşəri dəyərlərlə birləşdirən TÜRKSOY beynəlxalq təşkilatlarla inkişaf etdirdiyi əməkdaşlıq sayəsində mədəni diplomatiyaya da töhfə verir. Ortaq irsin dünya ictimaiyyətinə tanıdılması, mədəni müxtəlifliyin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Türk Dünyasının beynəlxalq mədəniyyət və incəsənət məkanında görünürlüğünü artırır.
Keçmişindən ilham alaraq gələcəyə yönələn TÜRKSOY Türk Dünyasının ortaq mədəni yaddaşını yaşatmaqla yanaşı, yeni nəsillərin bu irsi kəşf etməsinə, mənimsəməsinə və inkişaf etdirməsinə də öncülük edir. Mədəniyyət və incəsənətin birləşdirici gücü ilə Türk Dünyasının ortaq dəyərlərini gələcəyə daşımağa davam edir.