TÜRKSOY Muzeylər Birliyinin V Dönəm Toplantısı Əndicanda Keçirilib
TÜRKSOY Muzeylər Birliyinin (TMB) V Dönəm Toplantısı “2026-cı il Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan tarixi Əndican şəhərində keçirilib. Toplantının sonunda Birliyin 2027-ci il üzrə dönəm sədrliyi Türkiyəyə təhvil verilib.
Əndican Vilayəti Hakimliyində keçirilən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Moldovanın tərkibindəki Qaqauz Muxtar Ərazisindən TÜRKSOY Muzeylər Birliyinin ölkə üzrə koordinatorları, eləcə də Özbəkistanın TÜRKSOY-dakı ölkə nümayəndəsi Şevket Artikov, Əndican Vilayəti Hakimliyinin nümayəndəsi Elyor Holmirzayev, Özbəkistan Mədəni İrs Agentliyinin nümayəndəsi Dilobar Mirhusanova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsinin baş direktor müavini Bora Dündar iştirak ediblər.
TMB-nin dönəm sədri, Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru, professor Cannat İsmailovanın sədrliyi ilə keçirilən toplantı qurum nümayəndələrinin salamlama çıxışları ilə başlayıb. Daha sonra TÜRKSOY-un şöbə müdiri və TMB-nin baş koordinatoru Barış Cavid Mövsümlü Birliyin üzvləri, 2026-cı il ərzində həyata keçirilən fəaliyyətlər və toplantının gündəliyindəki məsələlər barədə iştirakçılara məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən toplantıda ölkə koordinatorlarının 2027-ci il üçün əməkdaşlıq təklifləri dəyərləndirilib. Türk Dünyası muzeyləri arasında institusional əlaqələrin gücləndirilməsi, birgə layihələrin hazırlanması və mədəni irsin qorunmasına yönəlmiş əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunub.
Toplantı iştirakçıları oktyabrın 19–20-də Əndicanda keçirilən V Türk Dünyası Muzeyləri Görüşü Simpoziumunun uğurla və yüksək səviyyədə təşkil edilməsindən məmnunluqlarını ifadə ediblər. İştirakçılar tədbirə ev sahibliyi edən Əndican Vilayəti Hakimliyinə, Özbəkistan Mədəni İrs Agentliyinə, Özbəkistan Dövlət Tarix Muzeyinə və TÜRKSOY-a təşəkkürlərini bildiriblər.
TMB-nin 2027-ci il üzrə dövr sədrliyi Türkiyəyə təhvil verilib
Toplantının sonunda TÜRKSOY Muzeylər Birliyinin ənənəvi dönəm sədliyinin təhvil-təslim mərasimi keçirilib. Mərasim çərçivəsində 2026-cı ilin dönəm sədri professor Cannat İsmailova Birliyin sədrliyini Türkiyəyə təhvil verib. Professor İsmailova təhvil-təslim mərasimində Əndicanın rəmzi dəyərlərindən biri olan qızıl Əndican nimçəsini Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni Sərvətlər və Muzeylər Baş İdarəsinin baş direktor müavini Bora Dündara təqdim edib.
TÜRKSOY Muzeylər Birliyi Türk Dünyasının ortaq mədəni irsinin qorunması, muzeylər arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə mədəni layihələrin hazırlanması məqsədilə fəaliyyətini davam etdirir.