TÜRKSOY
25 oktyabr 20262 dəq oxuma

Macarıstanda Qırğız Mədəniyyəti Günü keçirilib

WhatsApp Image 2026-10-25 at 14.36.02 (11)

Lakitelek Fondunun ev sahibliyi, TÜRKSOY-un koordinasiyası və Qırğızıstan Milli Manas Teatrının dəstəyi ilə Macarıstanın Lakitelek şəhərində “Qırğız Mədəniyyəti Günü” təşkil olunub.

Hungarikum Ligetdə keçirilən tədbirdə qırğız xalqının şifahi ənənələri, ədəbiyyatı və incəsənəti Macarıstanın sənətsevərlərinə təqdim edilib. Dastan söyləmələri, akınların (qırğız xalq ozanlarının) çıxışları, kitab təqdimatları və fotoşəkil sərgisindən ibarət proqram Qırğızıstanla Macarıstan arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Qırğızıstanın Macarıstandakı səfiri Erlan Abdyldaev, Lakitelek Fondunun Himayəçilər Şurasının sədri Sándor Lezsák, Macarıstan parlamentinin deputatı Molnárné dr. Anna Lezsák, Qazaxıstanın Macarıstandakı səfirliyinin müşaviri Kairat Kambarov, Azərbaycanın Macarıstandakı səfirliyinin konsulu Emin Alasqarlı, Türkiyənin Budapeştdəki səfirliyinin üçüncü katibi Gökberk Ekinci və digər dəvətlilər iştirak ediblər.

Proqramın açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev qırğız ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Alıkul Osmonovun şeirlərinin macar oxucularına çatdırılmasının böyük əhəmiyyət daşıdığını bildirib. 2025-ci ildə anadan olmasının 110-cu ildönümü qeyd edilən şairin irsinə toxunan Raev ədəbi tərcümələrin ortaq mədəni sərvəti yeni coğrafiyalara daşıdığını vurğulayıb.

Raev Osmonovun şeirlərini macar dilinə tərcümə edən Dávid Somfai Kara və əsərin elmi redaktəsini və mətnin son işlənməsini həyata keçirən Aida Somfai Pamirbekə təşəkkür edib.

Tədbir çərçivəsində Konzervatív Műhely Kiadó nəşriyyatı tərəfindən qırğız və macar dillərində nəşr olunan Osmonovun “Tó hulláma” adlı şeirlər kitabı, eləcə də Habib Kohinin “Tales of the Silk Road” əsəri təqdim edilib.

Proqramın mədəni hissəsində Qırğızıstan Milli Manas Teatrının direktoru Nurbek Talantbekov “Manas” dastanından bir parçanı səsləndirib. Manasçı Beksultan İmaşov və dastan söyləyicisi Mariyam Tobokelovanın da iştirak etdiyi proqramda Kutman Sadıbakasov, Nursultan Maldıbayev və Argen Biymırza Uulu qırğız şifahi xalq mədəniyyətindən nümunələr təqdim ediblər.

Tədbir çərçivəsində, həmçinin Sándor Ujvári tərəfindən Ármin Vámbéry düşərgəsinin iştirakçısı olan tələbələrin Qırğızıstana səfəri zamanı çəkilmiş fotoşəkillərdən ibarət sərginin açılışı olub.

TÜRKSOY medalları sahiblərinə təqdim edilib

Mərasimin sonunda Türk dünyası ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdikləri töhfələrə görə Gabriela Lezsák və Judit Kisfaludi-Bak “TÜRKSOY medalı” ilə təltif ediliblər.

Ənənəvi xalq rəqslərinin yaşadılması və mədəni irsin qorunması istiqamətindəki fəaliyyətlərinə görə Gabriela Lezsáka, Türk Dünyasının mədəni sərvətinin Macarıstanda tanıdılmasına verdiyi töhfələrə görə isə Judit Kisfaludi-Baka medalları TÜRKSOY-un Baş katibi Sultan Raev təqdim edib.

Media Qalereyası

(20)

Bizi İzləyin

Twitter / XYouTubeFacebookLinkedInInstagram
Bizimlə Əlaqə

Adresimiz
Ferit Recai Ertuğrul Caddesi No: 8
Or-An ANKARA/TÜRKİYE

Telefon ve Faks Numaramız
T: +90 (312) 491 01 00 (pbx)
F: +90 (312) 491 01 11

E-Posta Adresimiz
turksoy@turksoy.org

© 2026 TÜRKSOY — Bütün hüquqlar qorunur