III Beynəlxalq Türk Dünyası Qadınlar Forumu Skopyedə işə başlayıb
Türk Dünyasının qabaqcıl qadınlarını bir araya gətirən III Beynəlxalq Türk Dünyası Qadınlar Forumu Şimali Makedoniyanın paytaxtı Skopyedə TÜRKSOY-un “Türk Dünyasında qadın” mövzusuna həsr olunmuş xüsusi rəsm sərgisinin açılışı ilə işə başlayıb.
Umay Ana Türk Dünyası Qadınlar Birliyinin koordinatorluğu ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdəki Türklər və Qohum İcmalar İdarəsi (YTB), eləcə də digər tərəfdaş qurumların əməkdaşlığı ilə təşkil olunan forum Türk Dünyasında qadınların elm, mədəniyyət, incəsənət, təhsil və ictimai həyatda rolunun müzakirəsi üçün mühüm platforma yaradıb.
Forum çərçivəsində sənətsevərlərin ixtiyarına verilən rəsm sərgisində Türk qadınının tarix boyu üzərinə götürdüyü öncül rol, mədəni irsin qorunmasına verdiyi töhfələr və ictimai həyatda tutduğu güclü mövqe incəsənətin universal dili ilə əks olunub. Türk Dünyasının ortaq mədəni dəyərlərini sənət vasitəsilə tanıtmağı hədəfləyən sərgi türk qadınının keçmişdən bu günə qədər formalaşmış zəngin təcrübəsini və yaradıcılıq potensialını əks etdirən mənalı görüşə ev sahibliyi edib.
Forumun açılış mərasimində Türkiyənin Skopyedəki səfiri Alper Aktaş, Umay Ana və Türk Dünyası Qadınlar Birliyinin (TÜRKKAB) sədri, professor Mualla Uydu Yücel, Türk Dünyası Araşdırmaları Fondunun (TÜRKDEV) baş katibi, vəkil Görkem Çetin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) baş katibi Fuad Uçar, TÜRKSOY-un Baş katibi Sultan Raevin adından təşkilatı təmsil edən TÜRKSOY işcisi Mehbare Şahin, Yunus Əmrə İnstitutunun Skopye nümayəndəsi Yunus Dilber, Şimali Makedoniya Türk Milli Birlik Hərəkatının sədri Erdoğan Saraç, Türk Demokratik Partiyasının sədri Zülfikar Zeynula və millət vəkili, doktor Beycan İlyas iştirak ediblər.
Açılış çıxışlarında Türk Dünyasında qadınların ictimai inkişaf, mədəni irsin yaşadılması və ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində verdikləri töhfələrin əhəmiyyəti vurğulanıb.
Müxtəlif ölkələrdən olan alimləri, tədqiqatçıları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini bir araya gətirən iki günlük forum yeddi iclasın keçirilməsindən sonra başa çatacaq.