Baş katib Sultan Raevin Roza Aytmatovanın vəfatı ilə bağlı başsağlığı mesajı
Türk Dünyasının ulu çinarı, böyük yazıçı Çingiz Aytmatovun əziz bacısı, ömrünü elmə, təhsilə və tarixi yaddaşın qorunmasına həsr etmiş dəyərli ziyalımız Roza Aytmatovanın vəfat xəbərini dərin hüznlə öyrəndim.
Səksən doqquz illik əzablı, eyni zamanda şərəfli ömrü boyunca yalnız Qırğızıstanın təhsil sisteminə və qadın hüquqları uğrunda mübarizəyə misilsiz töhfələr verməklə kifayətlənməyən Roza Aytmatova atası Törökul Aytmatovun taleyində təcəssüm edən tarixi ağrıları və ailəsinin susdurulmaq istənilən keçmişini də qələmi və qətiyyətli mövqeyi ilə gələcək nəsillərə çatdıran bir yaddaş keşikçisi idi.
Bizim üçün Roza xanım yalnız böyük yazıçımız Çingiz Aytmatovun bizə əmanəti deyil, həm də Türk Dünyasının mədəni birliyinə ürəkdən inanan bir məslək sahibi idi. TÜRKSOY olaraq təşkil etdiyimiz tədbirlərdə yaşının çox olmasına baxmayaraq, hər dəfə tükənməyən həvəslə iştirak etməsi, təşkilatımızın fəaliyyətinə göstərdiyi dəyərli dəstək və bizimlə bölüşdüyü zəngin təcrübələr heç vaxt yaddaşımızdan silinməyəcək. Onun təşkilatımızın tədbirlərindəki vüqarlı və nurlu duruşu üçün daim darıxacağıq.
Türk Dünyasının ortaq dəyərlərindən biri olan əziz Roza Aytmatovaya Uca Allahdan rəhmət diləyir, kədərli Aytmatov ailəsinə, yaxınlarına, Qırğız xalqına və bütün Türk Dünyasına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Ruhu şad, məkanı cənnət olsun!
Sultan Raev
TÜRKSOY-un Baş katibi