30 марта 2009 г.

Türk Lehçeleri Sempozyumu Azerbaycan Basınında

30 марта 2009 г.

Türk Lehçeleri Sempozyumu Azerbaycan Basınında

Beynəlxalq Tədbir Böyük Şair Bəxtiyar Vahabzadənin Xatirəsinə Həsr Edilib

Martın 31-də İstanbulda "Türk dilləri arasındakı tərcümə işlərinin bugünkü durumu və rast gəlinən problemlər mövzusunda elmi simpozium öz işinə başlayacaq. Simpozium TÜRKSOY, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Avrasiya Yazarlar Birliyi, TİKA, Maltepe və Qazi universitetlərinin təşkilati dəstəyilə keçirilir. Simpoziumun əsas məqsədi haqqında qəzetimizə məlumat verən Yedditəpə Universitetinin professoru Kamil Vəli Nərimanoğlu tədbirdə söhbət açılacaq məsələlər barədə bunları dedi: "Bəllidir ki, tərcümə ədəbiyyatın ayrılmaz hissəsidir. Azərbaycan ədəbiyyatında bu sahədə kifayət qədər təcrübə var. Belə ki, dilimizə həm orijinaldan, həm də rus dilindən dünya ədəbiyyatı korifeylərinin əsərləri tərcümə olunaraq Azərbaycan oxucularına təqdim edilib. Lakin bu sahə problemlərdən də xali deyil. Bu baxımdan türk dünyası ədəbiyyat nümunələrini ayrı-ayrı türk dillərinə (ləhcələrə) çevirmək olduqca maraqlı məsələlərdəndir. Bir tərəfdən ortaq ünsiyyət dili və burada Türkiyə türkcəsinin ağırlıq kəsb etməsi, o biri tərəfdən də başqa dillərin Türkiyə türkcəsinə təsiri, olmayan və ya xarici dildə olan məfhumların başqa türk dillərində seçilib verilməsi mühüm əhəmiyyət daşıyır".

Son 10-15 ildə bu sahədə böyük təcrübənin olduğunu qeyd edən Kamil Vəli Nərimanoğlu xüsusən Anar, Ali Yavuz Akpınar, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı və başqa yazarların təcrübəsinin olduqca maraqlı təsir bağışladığını nəzərə çatdırdı. Professorun bildirdiyinə görə, simpozium türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirəsinə ithaf olunur: "Konfransın ilk günündə mərhum şairimiz Bəxtiyar Vahabzadə anılacaq, onunla bağlı xatirələr söyləniləcək və görkəmli şairə həsr olunmuş film nümayiş etdiriləcək.

Simpoziumda K.V.Nərimanoğlu "Ortaq dərs kitablarının dili və elmi terminoloji problemləri" mövzusunda məruzə ilə çıxış edəcək. Simpoziumun gedişatında professorlar Fatih Kirişçioğlu, Ali Yavuz Akpınar, Ahmet Ercilasun, Zühel Yüksel və başqalarının da tərcümə sahəsinin aktual məsələrilə bağlı məruzələri olacaq. Azərbaycandan digər bir alimin - Bakı Slavyan Universitetinin əməkdaşı Nuridə Novruzovanın "Oğuz qrupu (Qaqauz, türkmən, azəri və Türkiyə türkcəsi) ləhcələri ilə digər türk ləhcələri arasındakı mənsur ədəbi əsərlərin tərcüməsi və rast gəlinən problemlər" adlı məruzəsi də aktual mövzuya həsr edilib.

Simpoziumun gedişində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi İstanbul Dövlət Modern Folk Müzik topluluğunun konsertləri də nəzərdə tutulub. Tədbirə aprelin 5-də yekun vurulacaq.

© 2022 TÜRKSOY - Her hakkı saklıdır