― 25 июня 2025 г.
VIII Türk Dünyası Qadın və Moda Festivalı Xəzərin İncisi Aktau şəhərində keçirilir
“Aktau 2025 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Manqistau vilayət administrasiyası və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə təşkilatçılığı ilə 28–29 iyun 2025-ci il tarixlərində Aktau şəhərində “VIII Türk Dünyası Qadın və Moda Günləri: Əl Sənətləri Festivalı” keçirilir.
Bu xüsusi tədbir çərçivəsində Türk Dünyasının tanınmış dizaynerlərinin iştirakı ilə miniatür sənətindən kilim və xalçaçılığa, ənənəvi geyimlərə qədər zəngin mədəniyyətimizi müxtəlif istiqamətlərdən əks etdirən moda nümayişləri, əl işləri sərgisi, ustad dərsləri və praktiki seminarlar təşkil olunacaq.
Festival müddətində Aktau Amfiteatrında qurulan İpək Yolu temalı səhnədə Türk Dünyasının əl sənətləri ustaları ilə Qazaxıstanlı ustalar bir araya gələcək. Bu görüşdə Türk Dünyası naxışlarını əks etdirən və keçədən hazırlanmış 12 metr uzunluğundakı nəhəng xalça sənətsevərlərin ixtiyarına veriləcək. İlin əvvəlindən etibarən sənətkarların birgə zəhməti ilə hazırlanmış Aktau mövzulu bu xüsusi xalça, 2025-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı tədbirləri çərçivəsində il boyunca nümayiş etdiriləcək.
Qadın: Mədəniyyətin Daşıyıcısı və Gələcəyə ötürücüsü
Türk Dünyasında qadın təkcə ailənin təməl dayağı deyil, həm də adət-ənənələrin, incəsənətin və mədəni yaddaşın qoruyucusudur. Əsrlər boyunca naxışlara, toxumalara, rənglərə və bəzəklərə ruh verən Türk qadını – yaradıcılığı, zərifliyi və ilhamı ilə ortaq sivilizasiyamızın formalaşmasında mühüm rol oynamışdır. Bu festival da məhz qadının mədəni istehsalda oynadığı bu əvəzolunmaz rolu təqdir edir və onu layiqincə görünən etməyi hədəfləyir.
Festivala Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Monqolustan, Macarıstan, Şimali Makedoniya və Rusiya Federasiyasının Başqırd, Çuvaş, Tıva və Kalmık bölgələrindən olmaqla ümumilikdə 13 ölkə və regiondan dizaynerlər və modelyerlər qatılacaq. İpək Yolunun zəngin mədəni irsini əks etdirən bu tədbir etnik moda elementləri ilə mədəni bir şölən təqdim edəcək.
Manqistau bölgəsinin əsrlərdir Qazax xalqının ruhuna hopmuş zəngin mədəniyyəti bu festivalda Türk xalqlarının ortaq dəyərlərini və ənənəvi geyim üslublarını müasir modanın təfəkkürü ilə birləşdirərək tamaşaçılara unikal təcrübə yaşadacaq.
Türk xalqlarının ortaq mədəniyyət və tətbiqi sənət nümunələrinin moda vasitəsilə təqdim edilməsi, bu dəyərlərin həm yerli miqyasda, həm də beynəlxalq səviyyədə tanıdılması məqsəd kimi qarşıya qoyulub.
Bu mənalı birliyə qatılaraq könül dostluğumuza və qardaşlığımıza şahidlik edəcək bütün qonaqları festivalda görməkdən məmnuniyyət duyacağıq.