― 16 мая 2026 г.
V TÜRKSOY üzv ölkələrinin Opera və Balet direktorları toplantısı Daşkənddə keçirildi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-a üzv ölkələrin Dövlət Opera və Balet direktorlarının V toplantısı Özbəkistan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un əməkdaşlığı ilə Daşkənddə təşkil olunub. Alişir Nevai Özbekistan Devlet Akademik Büyük Tiyatrosunun ev sahibliyi etdiyi toplantıda Türk Dünyasında opera və balet sahəsində həyata keçiriləcək ortaq layihələr müzakirə olunaraq qərarlar qəbul edilib.
Toplantıda TÜRKSOY-un Mədəniyyət və İncəsənət Departamentinin rəhbəri Arman Nurmakhamatuly, Alişir Nevai Özbəkistan Dövlət Akademik Böyük Teatrının direktoru Alibek Kabdurakhmanov, Şımkent Dövlət Opera və Balet Teatrının direktoru Maira Mukhamedkyzy, Ankara Dövlət Opera və Baletinin direktoru və bədii rəhbəri Demet Gökalp, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş direktor müavini Ramil Gasimov, Abay adına Qazax Milli Opera və Balet Teatrının direktor müavini Ainur Kadirova, “Astana Ballet” Dövlət Balet Teatrının direktor müavini Akmaral Alibekova və “Astana Opera” Dövlət Opera və Balet Teatrının direktor müavini Malika Tulegenova iştirak ediblər.
Sədrliyin növbəti dövrü Özbəkistana keçdi
Toplantıda qəbul edilən qərarlara əsasən, TÜRKSOY üzv ölkələrinin Opera və Balet Direktorları Şurasının VI dövr sədri vəzifəsinə Alişir Nevai Özbəkistan Dövlət Akademik Böyük Teatrının direktoru Alibek Kabdurakhmanov seçilib.
Şuranın növbəti toplantısının isə 2027-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunan Kayseridə və ya Bakıda keçiriləcək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilməsi qərara alınıb.
Türk Dünyası ortaq səhnədə bir araya gələcək
Toplantının yekununda qəbul edilən 8 maddədən ibarət yekun bəyannamə ilə növbəti iki ilin sənət vizyonu müəyyənləşdirilib. Qəbul olunan qərarlar çərçivəsində aşağıdakı layihələrin həyata keçirilməsi planlaşdırılır:
- Ansiklopedik nəşr: TÜRKSOY üzv ölkələrinin milli opera və balet əsərlərini öz dillərində əhatə edən ensiklopedik nəşrin hazırlanması üçün işçi qrupu yaradılacaq və konsepsiya 2026-cı ilin dekabr ayına qədər tamamlanacaq.
- Ortaq festivallar: 2026-cı ilin sentyabr ayında Daşkənddə teatrın 97-ci mövsümünün açılışı çərçivəsində keçiriləcək “Open Air” Açıq Hava Opera Festivalı və 2027-ci ildə Bakıda təşkil olunacaq “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı”nda Türk Dünyasının seçkin opera solistləri və dirijorları eyni səhnədə çıxış edəcəklər.
- Ortaq tamaşalar: Abay adına Qazax Milli Opera və Balet Teatrında TÜRKSOY üzv ölkələrinin aparıcı solistlərinin iştirakı ilə Tosca operası səhnələşdiriləcək. Bundan əlavə, 2027-ci ildə Astanada beynəlxalq iştirakla ortaq “Qala Balet Gecəsi” təşkil olunacaq.
- Premyera iştirakları: Azərbaycan şairi Nizami Gəncəvinin əsəri əsasında hazırlanaraq “Astana Opera” tərəfindən səhnəyə qoyulan Appak Kız operasının 21-22 may 2026-cı il tarixlərində keçiriləcək premyerasında üzv ölkələrin opera direktorları rəsmi iştirak edəcəklər.
- İthaf ili: 2027-ci ildə keçiriləcək 28-ci TÜRKSOY Opera Günləri klassik musiqi sahəsində böyük uğurlar qazanmış seçkin bir şəxsiyyətə ithaf olunacaq.
Daşkənd Baharı Festivalı və “Edige” operasının premyerası
Toplantı proqramı çərçivəsində Özbəkistanda mühüm sənət tədbirləri də təşkil olunub. Mayın 15-də dirijor Vyacheslav Chernukho-Volichin rəhbərliyi ilə keçirilən möhtəşəm konsertlə “VIII Beynəlxalq Daşkənd Baharı Opera Festivalı”nın açılışı olub.
Tədbirlərin ikinci günü — mayın 16-da isə Qaraqalpaq operası Edige ilk dəfə Daşkənd səhnəsində nümayiş etdirilərək sənətsevərlərin diqqətinə təqdim olunub.