― 10 сентября 2026 г.
TÜRKSOY-un ev sahibliyi ilə “Çölün bənzərsiz səsi” – Manarbek Erjanov Ankarada anılıb
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi və Qaragandı Vilayəti ilə əməkdaşlıq çərçivəsində Qazaxıstanın görkəmli səs və dombra sənətçisi, bəstəkarı və aktyoru Manarbek Erjanovun anadan olmasının 125-ci ildönümü münasibətilə Ankarada anım proqramı təşkil edib.
Qazax xalqının böyük sənətkarı və Qazaxıstanın Xalq artisti Manarbek Erjanovun həyatı, sənəti və ortaq mədəni irsdə qoyduğu izlər “Çölün bənzərsiz səsi” adlı proqramla paytaxt Ankarada yad edilib.
TÜRKSOY Baş katibi Sultan Raevin ev sahibliyi ilə Təşkilatın binasında keçirilən proqrama Qazaxıstanın Ankaradakı səfiri və Türk Dövlətləri Təşkilatı yanında Qazaxıstan Respublikasının Daimi nümayəndəsi Yerkebulan Sapıyev, Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov, Qırğızıstanın Ankaradakı səfiri Ruslan Kazakbayev, Türkmənistanın Ankaradakı səfiri Mekan İşanguliyev, Qaragandı Vilayəti Mədəniyyət, Arxivlər və Sənədləşdirmə İdarəsinin rəhbəri Galımzhan Ötelbayulı, Qazaxıstanın sabiq Mədəniyyət və İnformasiya naziri Prof. Düsen Kaseinov, Qazaxıstan mədəniyyətinə xidmətləri olan dövlət sənətçisi, şair və yazıçı Serik Aksunkarulı və Kali Bayjanov Konsert Birliyinin rəhbəri Talgat Idrissov iştirak ediblər.
Raev: “Erjanovun sənəti Qazax çölünün geniş üfüqlərini əks etdirib”
Tədbirin açılışında və dəyirmi masa toplantısında iştirakçılara müraciət edən TÜRKSOY Baş katibi Sultan Raev bu gün yalnız böyük bir sənətkarın ildönümünü qeyd etmədiklərini, eyni zamanda Qazax xalqının ənənəvi sənətinə və nəsildən-nəslə ötürülən mənəvi yaddaşına ehtiramlarını ifadə etdiklərini bildirib.
Manarbek Erjanovun Qazax xalqının sənət və mədəniyyət həyatında çox mühüm yer tutduğunu vurğulayan Raev “Onun sənəti Qazax çölünün geniş üfüqlərini, xalqın sevincini, kədərini, arzularını və ruhunu əks etdirib” deyə bildirib. Mədəniyyət və incəsənətin Türk xalqlarını bir araya gətirən ən güclü sahələrdən biri olduğuna diqqət çəkən Raev “Musiqi bu ortaq yaddaşın ən güclü daşıyıcılarından biridir. Müxtəlif coğrafiyalarda səslənən melodiyalar, müxtəlif məqamlar və fərqli sənət ənənələri əslində bizə ortaq köklərimizi xatırladır” ifadələrini işlədib.
Səfir Sapıyevdən mədəni qarşılıqlı əlaqə vurğusu
Proqramda çıxış edən Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sapıyev Türkiyə ilə Qazaxıstan arasındakı mədəni qarşılıqlı əlaqələrin dərinləşdirilməsində bu cür anım proqramlarının mühüm əhəmiyyət daşıdığına diqqət çəkib. Səfir Sapıyev “Manarbek Erjanov kimi ortaq dəyərlərimizin Anadoluda yaşadılması və tanıdılması iki qardaş xalq arasındakı könül bağlarını və mədəni inteqrasiyanı daha da gücləndirir” deyə bildirib.
Mərasimdə çıxış edən Qaragandı Vilayəti Mədəniyyət, Arxivlər və Sənədləşdirmə İdarəsinin rəhbəri Galımzhan Ötelbayulı isə Erjanovun Qazax dombra sənətində özünəməxsus və bənzərsiz iz qoyduğunu bildirərək bu cür tədbirlərin Qaragandı (Sarıarka) ilə Anadolu arasında mənəvi körpü yaratdığını qeyd edib. Ötelbayulı “Sarıarkadan Anadoluya çatan bu sənət yolunun heç vaxt kəsilməməsini arzulayıram” deyə bildirib.
Anım proqramında həmçinin Qazaxıstanlı şair və yazıçı Serik Aksunkarulı böyük sənətkarın xatirəsinə qələmə aldığı “Manarbek Erjanovun dövrü haqqında ballada” adlı şeirini oxuyub.
Çölün melodiyaları Ankaraya daşındı
Tədbirin konsert bölümündə Qazaxıstandan gələn Qaragandı Vilayəti “Arka Sazı” Folklor Ansamblı səhnə alaraq qədim Qazax musiqi ənənəsinin seçmə nümunələrini paytaxt sakinlərinin və sənətsevərlərin diqqətinə çatdırıb. Ansamblla yanaşı konsertdə çıxış edən ustad sənətkarlar Serjan Musain, Nurlıtan Sayatkızı və Gulmira Tapai də ifaları ilə böyük alqış qazanıblar.
Manarbek Erjanovun sənət yoluna işıq salan sənədli filmin nümayişindən sonra günün xatirəsinə plaket və mükafatların təqdim edilməsi mərasiminə keçilib. TÜRKSOY Baş katibi Sultan Raev iştiraklarına və töhfələrinə görə Prof. Düsen Kaseinova, Galımzhan Ötelbayulıya, Serik Aksunkarulıya və Talgat Idrissova təşəkkür plaketlərini və sertifikatları təqdim edib.