― 18 сентября 2025 г.
TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusuf, Qırğız Milli Universitetinin rəsmiləri ilə “Gələcək Sənsən” forumuna hazırlıqları müzakirə edib
TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusuf Bişkekdə keçiriləcək “Gələcək Sənsən” II Dünya Türk Gəncləri Forumunun hazırlıqlarını müzakirə edib.
2025-ci il sentyabrın 17-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibinin müavini Sayit Yusuf, TÜRKSOY-un Qırğızıstan təmsilçisi Mar Topoyev ilə birlikdə Qırğız Milli Universitetini ziyarət edərək təhsil işləri üzrə prorektor Alaybek Şamşiyevlə görüşüb.
Görüşdə 2025-ci ilin oktyabr ayında Bişkekdə keçirilməsi planlaşdırılan “Gələcək Sənsən” II Dünya Türk Gəncləri Forumuna hazırlıq məsələləri müzakirə olunub. Sayit Yusuf forumun yüksək səviyyədə təşkil edilməsinin vacibliyini vurğulayaraq, bu tədbirin Türk Dünyasında geniş əks-səda doğuracaq beynəlxalq bir gənclik zirvəsi olacağına diqqət çəkib.
Sayit Yusuf görüşdə çıxış edərək bildirib:
“Gənclərimiz Türk Dünyasının ortaq gələcəyinin ən güclü təminatıdır. Bu forum onların bacarıqlarını nümayiş etdirəcəyi, yeni üfüqlər qazanacağı və qardaşlıq bağlarını möhkəmləndirəcəyi mühüm bir platforma olacaq. TÜRKSOY olaraq bu prosesə töhfə verməkdən böyük qürur duyuruq.”
Alaybek Şamşiyev isə forumun universitetin 100 illiyi ilə eyni dövrə təsadüf etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, tədbirin gənclər üçün önəmli fikir və əməkdaşlıq meydanı olacağını qeyd edib. O, həmçinin Qırğız Milli Universitetinin bu müddətdə Türk Dünyası gənclərinin böyük bir görüş məkanına çevriləcəyini bildirib.
Tərəflər forumun proqramı və təşkilinə dair bir sıra məsələlər üzrə fikir mübadiləsi apararaq müvafiq qərarlar qəbul ediblər.