― 24 января 2026 г.
TÜRKSOY-un Baş katibi Sultan Raevin “Daşqın” adlı əsəri macar dilinə tərcümə olunub
TÜRKSOY-un Baş katibi, yazıçı Sultan Raevin qələmə aldığı “Daşqın” adlı əsərin macar dilinə tərcüməsi ( Özönvíz – Három kisregény), Macar Mədəniyyəti Günü çərçivəsində Lakitelek şəhərində yerləşən Hungarikum Liget mədəniyyət mərkəzində təşkil olunan təqdimat proqramı ilə oxuculara təqdim edilib. Antológia Kiadó nəşriyyatı tərəfindən 2026-cı ildə çap olunan bu nəşr Sultan Raevin ədəbi dünyasının macar oxucusuna çatdırılması baxımından mühüm mədəni hadisə kimi qiymətləndirilib.
Əsərin macar dilinə tərcüməsi tanınmış tərcüməçi József Goretity tərəfindən həyata keçirilib. Tərcüməçi Goretity də təqdimat mərasimində iştirak edərək romanla bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Təqdimat proqramının açılış nitqi ilə Macarıstan Milli Assambleyasının sədr müavini Sándor Lezsák çıxış edib. Lezsák çıxışında Sultan Raevin əsərlərinin təkcə bədii mətnlər deyil, eyni zamanda Türk Dünyasının tarixi yaddaşını və humanist dəyərlərini əks etdirən güclü ədəbi nümunələr olduğunu vurğulayıb. O, Macarıstan ilə Türk Dünyası arasındakı mədəni əlaqələrin ədəbiyyat vasitəsilə daha da möhkəmləndiyini qeyd edib.
Tədbirdə, həmçinin Türk Dövlətləri Təşkilatının Macarıstan üzrə nümayəndəliyinin icraçı direktoru, səfir Hendrich Balázs, Macarıstanın mədəniyyət və innovasiya nazirliyinin hökumət komissarının xüsusi katibi, səfir Zsolt Csutora, akademik dairələrin nümayəndələri, ədəbiyyat mühitinin təmsilçiləri və Neumann János Universitetində təhsil alan beynəlxalq tələbələr iştirak ediblər.
Yazıçı–oxucu görüşü
Təqdimat proqramı çərçivəsində təşkil olunan yazıçı–oxucu görüşündə Sultan Raev oxucularla bir araya gələrək uşaqlıq illərindən ədəbiyyatla qurduğu əlaqə, yazıçılıq yolçuluğu və əsərlərində qaldırdığı mövzular barədə fikirlərini bölüşüb. Söyləşi zamanı Raevin jurnalistikadan yazıçılığa gedən yaradıcılıq yolu, Türk Dünyasının ortaq mədəni irsi, Manas dastanı, Cingiz Aytmatovun düşüncə dünyasındakı yeri və ədəbiyyatın həqiqət axtarışındakı rolu ilə bağlı suallar müzakirə olunub.
Gənclərin böyük marağı ilə keçən görüşdə Sultan Raev mədəniyyətlərarası dialoqun və ədəbiyyatın birləşdirici gücünün xüsusi əhəmiyyətini vurğulayıb. Proqram imza mərasimi və səmimi söhbətlərlə yekunlaşıb.