― 14 июля 2026 г.
TÜRKSOY-un Baş katibi Sultan Raev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşüb
Şimali Makedoniyada 66-cı Ohrid Yay Festivalı çərçivəsində səfərdə olan TÜRKSOY-un Baş katibi Sultan Raev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi dəvəti ilə keçirilən qəbulda iştirak edib və Prezidentlə ikitərəfli görüş keçirib.
Balkan regionunun ən nüfuzlu mədəniyyət və incəsənət tədbirlərindən biri hesab olunan 66-cı Ohrid Yay Festivalının rəsmi açılış mərasimindən sonra Prezident Qordana Silyanovska-Davkova tərəfindən rəsmi qəbul təşkil edilib. Qəbul çərçivəsində Prezidentlə görüşən TÜRKSOY-un Baş katibi Sultan Raev təşkilatın bölgədə həyata keçirdiyi fəaliyyətlər və keçirdiyi görüşlər barədə məlumat verib.
Qonaqpərvərlik və əməkdaşlıq vurğulanıb
Görüş zamanı Baş katib Sultan Raev Skopye, Qostivar və Ohrid şəhərlərində keçirdiyi rəsmi görüşlərin son dərəcə səmərəli olduğunu bildirib. O, səfər müddətində nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə, səmimi münasibətə və diqqətə görə Prezidentin timsalında Şimali Makedoniyanın bütün dövlət qurumlarına, eləcə də dost Makedoniya xalqına təşəkkürünü ifadə edib.
Prezident TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirib
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova isə TÜRKSOY-un Baş katibi Sultan Raevi ölkəsində qəbul etməkdən və onu belə nüfuzlu beynəlxalq festival münasibətilə Ohriddə görməkdən məmnunluq duyduğunu bildirib.
Prezident TÜRKSOY-un Türk Dünyasının ortaq mədəni irsinin qorunması, yaşadılması və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri yaxından izlədiyini və yüksək qiymətləndirdiyini vurğulayıb. O, Baş katib Sultan Raevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səmimi şəraitdə keçən görüşün sonunda TÜRKSOY-un Baş katibi Sultan Raev günün xatirəsi olaraq Prezident Qordana Silyanovska-Davkovaya əl işi olan xüsusi şıra qabı hədiyyə edib.