― 15 июля 2026 г.
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Televiziya və Radio Verilişləri QSC-ni (AzTV) ziyarət edib
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın ilk televiziya və radio qurumu olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini (AzTV) ziyarət edib. TÜRKSOY-un Baş katibi Sultan Raev və onu müşayiət edən nümayəndə heyətini AzTV-nin İdarə Heyətinin sədri Rövşən Məmmədov qəbul edib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da iştirak edib.
Ziyarət çərçivəsində keçirilən görüşdə TÜRKSOY ilə AzTV arasında həyata keçirilə biləcək birgə layihələr, Türk Dünyasının ortaq mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılması, media sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcəkdə təşkil olunacaq ortaq tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Televiziyasının təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının aparıcı mədəniyyət və media qurumlarından biri olduğunu vurğulayaraq deyib:
“Bu gün TÜRKSOY-un Baş katibi kimi Azərbaycan Televiziyasında olmaqdan böyük məmnunluq duyuram. Zəngin tarixə malik olan Azərbaycan Televiziyası həm Azərbaycan xalqına, həm də bütün türk xalqlarına uğurla xidmət göstərməkdə davam edir. Son illər qurumun rəhbərliyinin əldə etdiyi mühüm nailiyyətləri məmnunluqla izləyirik. TÜRKSOY ilə AzTV arasında əməkdaşlıq hər zaman olduğu kimi bu gün də yüksək səviyyədədir və biz bu əməkdaşlığa böyük önəm veririk.”
Səfər çərçivəsində Azərbaycanın tanınmış televiziya və kino xadimi, ssenarist, televiziya jurnalisti, publisist və tərcüməçi Rafiq Haşımovun 60 illik yubileyi münasibətilə onunla da görüş keçirilib. Türk Dünyasının mədəniyyət, ədəbiyyat və elm həyatına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətləri televiziya ekranına gətirən Rafiq Haşımov bir çox bədii və sənədli filmlərin ssenari müəllifi olmaqla yanaşı, müəllifi və aparıcısı olduğu televiziya proqramları ilə Azərbaycan mediası tarixində özünəməxsus yer tutub.
Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.