― 22 сентября 2025 г.
TÜRKSOY Teatr Festivalı Türk Dünyasının sənətlə görüş nöqtəsinə çevrildi
2025-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilən Aktau şəhəri, Türk Dünyasının ortaq mədəniyyət və incəsənət irsini qeyd etmək məqsədilə keçirilən III Beynəlxalq TÜRKSOY Teatr Festivalına möhtəşəm açılış mərasimi ilə ev sahibliyi edib. Türk dilli ölkələrin teatr kollektivlərini bir araya gətirən festival bu il ilk dəfə olaraq Macarıstandan da iştirakçılara səhnəsini açıb.
Nazir Balayevanın təbrik məktubu oxundu
Açılış mərasimində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayevanın festival münasibətilə göndərdiyi təbrik məktubu, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsi Teatr Sənəti Masasının baş mütəxəssisi Baljan Serikkızı tərəfindən səsləndirilib.
Nazir məktubunda, “Sizi bu dəyərli sənət görüşünün açılış mərasimi münasibətilə ürəkdən təbrik edirəm!” sözlərini qeyd edərək, festivalın Türk Dünyası ölkələri arasında mədəni və mənəvi əlaqələrin inkişafına, qarşılıqlı təcrübə mübadiləsinə və teatr peşəkarları arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Balayeva bütün iştirakçılara uğurlar arzulayıb.
Sultan Raev: Teatr keçmişi gələcəyə daşıyan bir körpüdür
TÜRKSOY-un Baş kâtibi Sultan Raev açılış mərasimindəki çıxışında Aktau şəhərini “Yalnız müasir bir şəhər deyil, əsrlər boyu dastan ənənəsini nəsildən-nəslə ötürən müqəddəs Manğıstau bölgəsinin mənəvi ürəyi” adlandırıb.
Raev deyib: “Türk Dünyasının teatr kollektivlərini bir araya gətirən bu festival, ortaq mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək yolunda atılmış çox mühüm addımdır. Teatr yalnız bir səhnə sənəti deyil; xalqların ruhunu birləşdirən, keçmişi gələcəyə daşıyan bənzərsiz bir mədəniyyət körpüsüdür.”
Baş katib çıxışının davamında “Dəyərli sənətkarlarımız, sizlər səhnədə yalnız rollarınızı deyil, xalqlarımızın ruhunu, keçmişimizi və dəyərlərimizi də daşıyırsınız” sözləri ilə festival iştirakçılarına müraciət edib.
Manğıstau vilayətinin qubernator müavini Tilegen Abișev çıxışında festivalın Türk Dünyası daxilində mədəni birliyi və həmrəyliyi möhkəmləndirəcəyinə inandığını bildirərək, bütün teatr kollektivlərinə uğurlar arzulayıb. Qazax teatrının doyeni Asanalı Aşımov isə Aktau şəhərinin Türk Dünyası Mədəniyyət Paytaxtı elan olunmasından sonra təşkil edilən tədbirlər içində teatr festivalının xüsusi yerə malik olduğunu qeyd edərək, bu təşkilatın əhəmiyyətini vurğulayıb.
Geniş iştiraklı sənət bayramı
Bu ilki festivalda Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Türkiyə və Macarıstandan teatr məktəbləri və kollektivləri çıxış edir. Festivalın fəxri qonaqları sırasında Macarıstan Parlamentinin sədr müavini, dramaturq Şandor Lezsak, Qazax teatrının artisti Asanalı Aşımov və dünyaca məşhur rejissor Barzu Abdurazakоv yer alır.
Türk Dünyasının 2025-ci il Mədəniyyət Paytaxtı Aktau şəhərində keçirilən III Beynəlxalq TÜRKSOY Teatr Festivalı, səhnələşdirdiyi tamaşalar və bir araya gətirdiyi sənətkarlarla həm sənətsevərlərə unudulmaz anlar yaşatmağı, həm də Türk xalqları arasındakı qardaşlıq bağlarını teatrın ümumbəşəri dili ilə daha da möhkəmləndirməyi hədəfləyir.