― 15 мая 2026 г.
TÜRKSOY əməkdaşlığı ilə Erzincanda “Fikirdən Əmələ Türk Dünyası” paneli keçirilib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı, Erzincan Binali Yıldırım Universitetinin (EBYÜ) ev sahibliyi ilə “Fikirdən Əmələ Türk Dünyası” adlı beynəlxalq panel keçirilib.
Professor Ərdoğan Böyükkasap Konqres və Mədəniyyət Mərkəzində keçirilən proqrama Erzincan Bələdiyyə Başçısı Bekir Aksun, EBYÜ Rektoru professor Akın Levent, universitet rəhbərliyi, Türkmənistanın TÜRKSOY yanındakı nümayəndəsi Laçın Övəzgəldiyeva, Türkiyə nümayəndəsi Abdullah Kutalmış Yalçın, Qazaxıstan nümayəndəsi Nışankül Karatayeva, akademiklər və tələbələr qatılıb.
Proqramın açılış nitqində rektor professor Akın Levent Türk fikir tarixinə istiqamət verən fikir adamlarının Türk birliyi idealının formalaşmasında həlledici rol oynadığını bildirib. İsmayıl Gaspıralı, Yusuf Akçura və Ziya Gökalp kimi şəxsiyyətlərin irəli sürdüyü fikirlərin bu gün güclü viziona çevrildiyini qeyd edən Levent “Dildə, fikirdə, işdə birlik” anlayışının ortaq əlifba, ortaq ideal və ortaq tale düşüncəsini təmsil etdiyini vurğulayıb. Levent həmçinin Türk Dünyasına yönəlik işlərin EBYÜ-də böyük əhəmiyyət kəsb etdiyini bildirərək universitetin çoxsaylı milli və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini qeyd edib.
Erzincan Bələdiyyə Başçısı Bekir Aksun çıxışında Türk Dünyasında əməkdaşlıq, fikir birliyi və dil birliyinin əhəmiyyətinə diqqət çəkib. Aksun türk xalqlarının Orta Asiyadan Anadoluya uzanan tarixi səyahətində qardaşlıq və birlik anlayışını qoruyaraq bu günlərə çatdığını bildirib.
Açılış nitqlərindən sonra EBYÜ Tarix Bölməsinin müəllimi professor Abdulkadir Gülün moderatorluğu ilə panelə keçilib. Paneldə TÜRKSOY-un Türkmənistan nümayəndəsi Laçın Övəzgəldiyeva, Türkiyə nümayəndəsi Abdullah Kutalmış Yalçın və Nışankül Karatayeva məruzəçilər qismində iştirak ediblər.
Paneldə Türk Dünyasında ortaq mədəni irsin qorunması, dil və fikir birliyinin möhkəmləndirilməsi, gənc nəsillər arasında ortaq tarix şüurunun inkişaf etdirilməsi və Türk Dünyasının gələcəyinə yönəlik əməkdaşlıq imkanları müzakirə olunub. İştirakçılar Türk Dünyasının ortaq dəyərləri ətrafında həmrəyliyin artırılmasının vacibliyini vurğulayıblar.
Proqram xatirə fotosunun çəkilməsi ilə başa çatıb.