― 3 декабря 2025 г.
TÜRKSOY-da “Türk Xalqları Ədəbiyyatı” əsərinin təqdimatı keçirilib
Azərbaycanlı alim professor Elman Quliyevin Türk Dünyasının ortaq ədəbi irsini vahid bir bütöv kimi əhatə edən genişmiqyaslı əsəri “Türk Xalqları Ədəbiyyatı” TÜRKSOY Baş Katibliyində təşkil olunan möhtəşəm proqramla təqdim edilib.
3 dekabr 2025-ci il tarixində keçirilən təqdimat toplantısına TÜRKSOY Baş Katibi Sultan Raev, Türk Dil Qurumunun keçmiş sədri professor Şükrü Haluk Akalın, akademiklər, yazıçılar, diplomatlar və Türk Dünyasından çoxsaylı qonaq qatılıb.
“Türk Xalqları Ədəbiyyatı” və Ortaq Mədəni İrsin Təsnifatı Azərbaycanlı akademik professor Elman Quliyevin uzunmüddətli araşdırmalarının məhsulu olan bu genişmiqyaslı əsər türkdilli xalqların ədəbi yığımlarını tarixi bütövlük çərçivəsində işıqlandıran öncül bir işdir. Kitab Orxon abidələrindən başlayaraq Anadolu, Azərbaycan, Orta Asiya, Qafqaz, İdil-Ural və Balkanlar kimi geniş coğrafiyaya yayılmış türk ədəbiyyatının inkişaf xəritəsini çıxarır. Yunus Əmrədən Füzuliyə, Nizamidən Əli Şir Nəvaiyə, Cəngiz Aytmatovdan Abay Kunanbayulına qədər bir çox mühüm şəxsiyyəti və onların təmsil etdiyi ədəbi ənənələri müqayisəli və birləşdirici baxış bucağı ilə təhlil edir. Əsər təkcə akademik mənbə olmaqdan kənara çıxaraq Türk Dünyasının mədəni yaddaşını canlı saxlamağı və bu ortaq irsi gələcək nəsillərə ötürməyi hədəfləyir.
Açılış nitqi ilə çıxış edən TÜRKSOY Baş Katibi Sultan Raev əsərin türk xalqlarının ədəbiyyatını tarixi və mədəni bütövlük içərisində təqdim etməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Raev nitqində bunları qeyd edib: “TÜRKSOY olaraq əsas missiyamız türk xalqlarının mədəniyyətini, sənətini, dilini və ortaq dəyərlərini yaşatmaq, tanıtmaq və gələcəyə daşımaqdır. Elman Quliyevin bu əsəri məhz bu missiyaya xidmət edən çox qiymətli bir mənbədir. Kitab Orxon abidələrindən başlayaraq Anadoludan Azərbaycana, Orta Asiyadan Qafqaza, İdil-Uraldan Balkanlara qədər uzanan geniş coğrafiyada yaşayan türk xalqlarının ədəbiyyatını vahid bütövlükdə işıqlandırır. Bu baxımdan əsər ortaq kimliyimizin və mədəni bağlarımızın nə qədər köklü və güclü olduğunu bir daha nümayiş etdirir.”
Professor Şükrü Haluk Akalın isə çıxışında kitabın nəşr olunduğu dövrün ayrıca məna daşıdığını qeyd edərək UNESCO-nun 15 dekabr tarixini “Dünya Türk Dili Ailəsi Günü” elan etməsinə və 2026-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayının 100 illiyinə işarə edib.
Lentkəsmə mərasimindən sonra təşkil olunan paneldə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Qazi Universitetinin müəllimi professor Fırat Purtaş və Ankara Universitetinin magistrantı Tural Qafarlı əsərin akademik, mədəni və gənclik baxımından qiymətləndirmələrini bölüşüblər. Paneldə söz alan professor Fırat Purtaş əsərin Türk Dünyasının birlik ideyasına xidmət etdiyini vurğulayaraq deyib: “Yunus Əmrədən Namıq Kamala, Nizamidən Əli Şir Nəvaiyə, Abaydan Cəngiz Aytmatova qədər bir çox öncül şəxsiyyətin irsini bir araya gətirir. Bu, TÜRKSOY-un missiyası ilə tam üst-üstə düşən bir işdir.”
Professor Elman Quliyev öz çıxışında 30 ildən artıq birikimlə hazırladığı kitabın Türk Dünyasının ədəbi coğrafiyasını vahid bütöv kimi görməyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Proqramın sonunda Türk Dünyası mədəniyyətinə və ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə professor Elman Quliyevə TÜRKSOY medalı təqdim olunub. Tədbir birgə xatirə fotosu ilə başa çatıb.