― 9 сентября 2026 г.
TÜRKSOY Baş katibinin müavini Sayit Yusufun Şimali Makedoniyadakı təmaslarında mədəni əməkdaşlıq və Ziya Gökalp vurğusu
Şimali Makedoniyada səfərdə olan TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf Şimali Makedoniya Respublikasının Dövlət naziri və Türk Demokratik Partiyasının sədri Zülfikar Zeynulaya nəzakət ziyarəti edib. Görüşdə qarşılıqlı mədəni əməkdaşlıq sahələri və 2026-cı il “Ziya Gökalpı Anma İli” çərçivəsində keçiriləcək tədbirlər müzakirə olunub.
Paytaxt Skopyedə keçirilən görüşdə Türk Dünyası ilə Balkanlar coğrafiyası arasındakı mədəni bağların gücləndirilməsinə yönəlmiş qurumlararası birgə fəaliyyət sahələri dəyərləndirilib. Şimali Makedoniyadakı Türk icması ilə qarşılıqlı əlaqələrin artırılmasına xidmət edəcək yeni layihələrin müzakirə olunduğu görüşdə Yusuf TÜRKSOY olaraq Balkanlarda həyata keçirilən mədəni inteqrasiya fəaliyyətlərinə xüsusi önəm verdiklərini vurğulayıb.
Səmimi atmosferdə keçən ziyarətin əsas mövzularından birini TÜRKSOY Daimi Şurasının qərarı ilə 2026-cı ilin “Ziya Gökalpı Anma İli” elan edilməsi və bu çərçivədə bölgədə həyata keçirilən fəaliyyətlər təşkil edib.
Sayit Yusuf görkəmli mütəfəkkirin anadan olmasının 150-ci ildönümü münasibətilə hazırlanmış və ilk xarici nümayişi bu gün Qostivarda keçiriləcək “Göyə yazılmış bir alp” teatr tamaşasının turne proqramı barədə Zeynulaya məlumat verib. Görüşdə Ziya Gökalpın mədəni irsinin, dil, millət və kimlik anlayışının Balkanlara daşınmasının hər iki toplum arasındakı bağları daha da möhkəmləndirəcəyi bildirilib.
Şimali Makedoniyanın Dövlət naziri Zülfikar Zeynula isə ziyarətdən məmnunluğunu ifadə edərək TÜRKSOY tərəfindən bölgə coğrafiyasında həyata keçirilən mədəni diplomatiya fəaliyyətlərini təqdirlə izlədiklərini bildirib. Zeynula ortaq tarixi və mədəni dəyərlərin yaşadılması, soydaşların ana vətənlə əlaqələrinin gücləndirilməsi naminə həyata keçiriləcək hər cür institusional əməkdaşlığa və layihəyə dəstək verməyə hazır olduqlarını ifadə edib.