― 29 апреля 2025 г.
TÜRKSOY Baş katibi Sultan Raev və Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balázs Hankó Budapeştdə görüşüb
Budapeştdə 29 aprel 2025 keçirilən Macar-Türk Mədəniyyət, Ali Təhsil və İnnovasiya Zirvəsi çərçivəsində TÜRKSOY-un Baş katibi Sultan Raev ilə Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balázs Hankó arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı tərəflər mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi iradəsini bir daha təsdiqləyiblər.
Nazir Hankó, görüşün əvvəlində Baş katib Raevin zirvədə iştirakından məmnunluğunu ifadə edərək, Macarıstanın TÜRKSOY ilə hər cür əməkdaşlığa açıq olduğunu bildirib. Macarıstan ilə Türk Dünyası arasındakı tarixi və mədəni bağlara diqqət çəkən Hankó, bu əlaqələrin bu gün institusional əməkdaşlıqlar sayəsində daha da möhkəmləndiyini vurğulayıb.
Görüşdə son illərdə TÜRKSOY ilə macar qurumları arasında keçirilmiş uğurlu tədbirlərə də toxunulub. Xüsusilə, Sándor Petőfinin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunan beynəlxalq poeziya tərcümə müsabiqəsi və Petőfi mövzusunda təşkil edilən rəssamlar görüşü nazir Hankó tərəfindən yüksək qiymətləndirilib. TÜRKSOY-un bu layihələrə dair təqdim etdiyi hesabat sənədi də görüş zamanı müzakirə olunub.
Nazir Hankó, TÜRKSOY-un mədəni diplomatiya sahəsindəki fəaliyyətlərinin əhəmiyyətini vurğulayaraq, 2019 və 2022-ci illərdə imzalanmış əməkdaşlıq protokollarının səmərəliliyinə diqqət çəkib və bu əməkdaşlığın institusional əsasda davamlı olmasının vacibliyini qeyd edib.
TÜRKSOY Baş katibi Sultan Raev isə Macarıstanın Türk mədəniyyətinə göstərdiyi maraq və dəstəyi hər zaman böyük məmnuniyyətlə qarşıladıqlarını bildirib. Raev, Macarıstanın türkologiya elminin inkişafındakı öncül roluna toxunaraq, mədəni əməkdaşlığın tarixi təməl üzərində qurulduğunu və ortaq layihələrin bu güclü zəmin üzərində yüksəldiyini qeyd edib.
Tərəflər, qarşıdakı dövrdə yeni bir ortaq fəaliyyət planının hazırlanması və mədəni sahələrdə konkret əməkdaşlıqların artırılması barədə razılığa gəliblər.