― 27 марта 2026 г.
TÜRKSOY Baş katibi Sultan Raev STRATCOM-da mühüm açıqlamalar verdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi Sultan Raev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (STRATCOM) iştirak çərçivəsində Anadolu Agentliyi və TRT-yə mühüm açıqlamalar verib.
STRATCOM-a dördüncü dəfə qatıldığını bildirən Raev forumun Türk Dünyasında ortaq media dili və kommunikasiya siyasətlərinin müzakirə olunduğu ən önəmli platformalardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, Türk Dünyasında iqtisadi və mədəni əlaqələr sürətlə inkişaf edir və bu proses media sahəsində də dəstəklənməlidir.
Açıqlamasında Raev:
“İqtisadi və mədəni əlaqələrimiz güclü inkişaf mərhələsindədir. Lakin bu bağları daha da möhkəmləndirmək üçün ortaq media dilinin formalaşdırılması artıq zəruri ehtiyaca çevrilib.” deyib.
Türkiyənin birləşdirici rolu
Sultan Raev Türkiyənin Türk Dünyasındakı roluna da toxunaraq bildirib ki, Türkiyə bu coğrafiyada birləşdirici missiya yerinə yetirir. O, media və kommunikasiya siyasətlərində ortaq yanaşmanın formalaşdırılmasının vacibliyini qeyd edib.
Dünyada son illərdə mürəkkəb proseslərin yaşandığını deyən Raev müharibə və böhranların artdığı bir dövrdə sülhün qorunmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb. STRATCOM-un bu ilki əsas mövzusunun da məhz sülh olduğunu qeyd edən Raev platformanın qlobal əhəmiyyət kəsb etdiyini bildirib.
Raev həmçinin Türkiyənin beynəlxalq arenadakı roluna toxunaraq Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi sülhyönümlü siyasətin dünya miqyasında əks-səda doğurduğunu qeyd edib. Türkiyənin Azərbaycan–Ermənistan münasibətlərində, Pakistan–Hindistan əlaqələrində və Suriya məsələsində oynadığı rolun ölkənin beynəlxalq nüfuzunu açıq şəkildə göstərdiyini bildirib.
“TÜRKSOY Türk Dünyasının mənəvi körpüsüdür”
Müsahibə zamanı iştirak etdiyi panel barədə də danışan Raev çıxışının mədəni diplomatiya mövzusuna həsr olunduğunu deyib. O xatırladıb ki, TÜRKSOY 1993-cü ildə yaradılan ilk ortaq Türk Dünyası qurumudur və yarandığı gündən etibarən mədəniyyət vasitəsilə xalqları bir-birinə yaxınlaşdırmaq missiyasını həyata keçirir.
Raev bildirib:
“TÜRKSOY bu gün Türk Dünyasının mənəvi körpüsüdür. Mədəniyyət vasitəsilə xalqlarımızın bir-birini daha yaxından tanımasına şərait yaradaraq sülhə töhfə verir.”
O, həmçinin türk mədəniyyətinin dünya sivilizasiyası tarixində mühüm yer tutduğunu vurğulayıb.
“Türk Dünyası əvvəlcə mədəniyyət vasitəsilə birləşdi”
Türk Dövlətləri Təşkilatının yaranma prosesi barədə danışan Raev qeyd edib ki, Türk Dünyasında inteqrasiya ilk növbədə 1993 ilində mədəniyyət sahəsində başlayıb və bu istiqamətdə ilk beynəlxalq qurum məhz TÜRKSOY olub. Daha sonra isə 2009-cu ildə Türk Dövlətləri Təşkilatı yaradılıb.
Raev bildirib ki, bu təşkilat siyasi, iqtisadi və xarici siyasət sahələrində ortaq yanaşmanın formalaşmasına və üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib.
Yaxın zamanda Qazaxıstanın Türküstan şəhərində keçiriləcək toplantıya da toxunan Raev qeyd edib ki, Türk Dünyasının ortaq mövqeyi və mesajları bu cür platformalarda formalaşdırılaraq beynəlxalq ictimaiyyətə təqdim olunur.
“Dezinformasiya informasiya müharibəsinin bir növüdür”
Sultan Raev dezinformasiya məsələsinə də diqqət çəkərək bildirib ki, bu gün yalnız silahlı münaqişələr deyil, həm də informasiya və təbliğat müharibələri ciddi təsir gücünə malikdir.
O deyib:
“Bu gün yalan və təhrif olunmuş məlumatlarla mübarizə aparmaq olduqca çətindir. Buna görə də birlikdə hərəkət etməli və bu birlikdən doğan güclə qlobal səviyyədə mövqeyimizi möhkəmləndirməliyik.”
Raev TRT və Anadolu Agentliyi kimi qurumların etibarlı informasiya mənbələri kimi mühüm rol oynadığını qeyd edərək düzgün məlumat əldə etməyin fundamental insan hüququ olduğunu vurğulayıb.