― 19 сентября 2025 г.
Türk Dünyası Teatrı Aktau’da Görüşür: III Beynəlxalq TÜRKSOY Teatr Festivalı başlayır
Türk Dünyasının mədəniyyət və incəsənət həyatında ən önəmli görüşlərdən biri olan Beynəlxalq TÜRKSOY Teatr Festivalının üçüncüsü bu il Türk Dünyası Mədəniyyət Paytaxtı titulunu daşıyan Aktau şəhərində keçiriləcək. 21–26 sentyabr tarixlərində təşkil olunacaq festival, Türk xalqlarının zəngin sənət irsini və müasir yaradıcılığını eyni səhnədə bir araya gətirəcək.
Festival “Türk Aləmi Teatrlari: Mədəni Əlaqə, Yaradıcılıq Əməkdaşlığı və Müasir İnkişaf İstiqamətləri” adlı Teatr Direktorları Şurasının iclası ilə açılacaq. Bu toplantıda Türk dillərində danışan xalqların mədəni inteqrasiyası, yaradıcı əməkdaşlıq imkanları və teatr sənətinin aktual inkişaf meylləri müzakirə ediləcək.
Altı ölkədən onlarla tamaşa
Festival müddətində Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və builki qonaq ölkə Macarıstandan seçilmiş teatr kollektivləri müxtəlif janrlarda tamaşaları Aktau tamaşaçılarının ixtiyarına verəcəklər. N. Janturin Regional Musiqili Dram Teatrı ilə yanaşı, şəhərin digər mədəniyyət mərkəzlərində də tamaşalar nümayiş olunacaq və izləyicilərə zəngin dramaturgiya palitrası təqdim ediləcək.
Festivalın diqqət çəkən tamaşalarından bəziləri:
Koroghly (Koroğlu) – Qazaxıstan (Mistik Dastan)
Parasat Maydany (Şərəf Müharibəsi) – Qazaxıstan (Psixoloji Dram)
Dar Ağacı – Azərbaycan (Faciə)
Meddah və Cəllad – Türkiyə (Dram)
Son Məktub – Qırğızıstan (Dram)
Kabil və Habil – Özbəkistan (Musiqili Dram)
Seksen Kova Hava – Macarıstan (Tragikomediya)
Bayram Xan Türkmən – Türkmənistan (Dram)
Mədəni körpü
TÜRKSOY-un təşkil etdiyi bu festival yalnız teatr bayramı olmaqla kifayətlənməyib, Türk dillərində danışan xalqlar ilə Macarıstanı ortaq mədəniyyət və incəsənət platformasında birləşdirərək qarşılıqlı anlaşma və qardaşlıq bağlarını gücləndirən mühüm bir körpü rolunu oynayır.
Festivalın açılış mərasimi 21 sentyabr axşamı N. Janturin Regional Musiqili Dram Teatrının böyük zalında, bağlanış mərasimi isə 26 sentyabrda həmin salonda keçiriləcək.