― 30 июня 2025 г.
Türk Dünyası Moda və Əl Sənətləri Günləri möhtəşəm bağlanışla yekunlaşdı
2025-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Aktau şəhərində keçirilən VIII Türk Dünyası Moda və Əl Sənətləri Günləri rəngarəng görüntülərlə müşayiət olunan möhtəşəm bağlanış mərasimi ilə başa çatıb. İki gün davam edən festival ərzində Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş dizaynerlər ənənəvi motivləri müasir üslubla birləşdirdikləri orijinal kolleksiyalarını sənətsevərlərin ixtiyarına veriblər. Festival tamaşaçılardan yüksək qiymət alaraq Aktau sənətsevərlərinə unudulmaz anlar yaşadıb.
TÜRKSOY, Manqistau vilayət valiliyi, Aktau Şəhər İdarəsi və TİKA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Manqistau vilayətinin qubernator müavini Abbat Orisbayev və Aktau şəhərində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Bağlanış nitqində TÜRKSOY Baş katibi Sultan Raev bu sözlərlə sənətçilərə təşəkkürünü bildirib:
“Bozqırın ruhunu müasir üslublarla birləşdirən bu kolleksiyalar təkcə geyim və ya sənət nümunəsi deyil, həm də ortaq kimliyimizin, keçmişimizin və gələcəyimizin simvoludur.”
Festival, Türk Dünyasının müxtəlif ölkə və bölgələrindən qatılan tanınmış dizaynerlərin iştirakı ilə beynəlxalq səviyyəli bir vitrinə çevrilib. Azərbaycanı təmsil edən Könül Hümbətova, Qırğızıstandan Asılcan Kambarova və Özbəkistandan Nərgizə Musacanova ənənəvi zərifliyi müasir estetika ilə uğurla birləşdiriblər. Türkiyədən Gözde İşbilir və Şule Aydın özünəməxsus dizaynları ilə tamaşaçıların rəğbətini qazanıblar. Türkmənistandan Ayna Durdılliyeva, Monqolustandan Suvd Banzraqç və Macarıstandan Tünde Hrivnak isə mədəniyyətlərarası dialoqa töhfə veriblər.
Bundan əlavə, Rusiya Federasiyasına daxil olan muxtar respublikalardan da güclü iştirak olub: Başqırdıstandan Albina Jerlitsına, Tıvadan Kima Donqak və Çuvaşıstandan Nataliya Posinkina səhnədə öz işləri ilə çıxış ediblər. Qazaxıstan isə ev sahibi ölkə olaraq Nurcamal Nurpeysova, Ayjan Səmbigələyeva, Tərbiyə Aydımbayeva, Medina Saktaganova, Madina Massakova, Jıldız Tabnayeva və Aynur Abdixanova kimi istedadlı dizaynerlərlə təmsil edilib.
Bağlanış mərasimində töhfə verən bütün iştirakçı sənətçilərə TÜRKSOY tərəfindən təşəkkürnamələr, Manqistau vilayəti tərəfindən isə xatirə hədiyyələri təqdim olunub. Tədbir Türk Dünyasının mədəni əlaqələrini daha da möhkəmləndirən və incəsənətin birləşdirici gücünü nümayiş etdirən əlamətdar bir görüş kimi yadda qalıb.