― 27 марта 2026 г.
STRATCOM 2026-da Sultan Raev: Mədəni yaxınlıq lider diplomatiyasının əsasını təşkil edir
Beynəlxalq Strateji Kommunikasiya Sammiti (STRATCOM) 2026 çərçivəsində keçirilən “Vasitəçilik prosesində aktorlar və lider diplomatiyası” panelində çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Türk dövlətləri arasında lider diplomatiyasının ortaq mədəniyyət, dil və tarixdən güc aldığını vurğulayıb.
İstanbulda Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan panelin moderatoru Milli Kəşfiyyat Akademiyasının (MİA) rəhbəri professor Talha Köse olub. Paneldə Raevlə yanaşı, Böyük Britaniya Lordlar Palatasının üzvü baronessa Fiona Hodgson və Misir Senatının üzvü Rania Sedky də çıxış ediblər.
“Biz sadəcə qonşu deyilik, qardaşıq”
Sultan Raev türk coğrafiyasının özünəməxsusluğuna diqqət çəkərək bildirib:
“Biz sadəcə qonşu deyilik… Biz qardaşıq. Eyni yaddaşı, eyni dili, eyni tarixi paylaşırıq. Buna görə də liderlər danışanda cəmiyyətlər də bir-birini anlayır.”
O qeyd edib ki, mədəni yaxınlıq etimad yaradır, prosesləri sürətləndirir və gərginliyi azaldır. Bu səbəbdən Türk dövlətləri arasında lider diplomatiyası məhz bu təməldən qidalanır.
Qardaşlığın diplomatiyaya əks olunması
Raev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk xalqlarına münasibətdə müsbət yanaşmasını nümunə göstərərək Hataylı zəlzələ qurbanlarının Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistanda qəbul edilməsini xatırladıb.
“Bu, sadəcə diplomatik qərar deyil, qardaşlığın diplomatiyaya çevrilməsidir,” – deyə vurğulayan Raev bunun mədəni bağların konkret təzahürü olduğunu bildirib.
“Görünməz körpülər liderlərin ən böyük dayağıdır”
TÜRKSOY-un türk xalqlarını bir-birinə yaxınlaşdırdığını qeyd edən Raev deyib:
“Biz görünməz bir körpü qururuq və bu körpü çətin zamanlarda liderlərin ən güclü dayağına çevrilir.”
O əlavə edib ki, mədəni əlaqələrin institusional mexanizmlərlə dəstəklənməsi böhranların daha asan həllinə və qarşısının vaxtında alınmasına şərait yaradır.
Türk Dövlətləri Təşkilatı strateji aktordur
Keçmişdə Türk Dövlətləri Təşkilatının Baş katib müavini kimi fəaliyyət göstərdiyini xatırladan Raev bu qurumun bu gün regional sabitlik baxımından strateji rol oynadığını bildirib. Onun sözlərinə görə, təşkilat ortaq tarix, mədəniyyət və kimlik üzərində qurulub və üzv ölkələr arasında dialoqun davamlı olması vacibdir.
Ortaq əlifba məsələsinə də toxunan Raev qeyd edib:
“Ortaq əlifba məqsəd deyil, bir vasitədir. Bu gün Türk Dünyası üçün ən böyük güc ortaq əlifbadan əvvəl ortaq düşüncədir.”
Strateji kommunikasiya diplomatiyanın mərkəzindədir
Çıxışını yekunlaşdıran Raev bildirib ki, strateji kommunikasiya artıq diplomatiyanın ayrılmaz hissəsinə çevrilib. O, STRATCOM-un qısa müddətdə qlobal miqyasda nüfuzlu platformaya çevrildiyini vurğulayaraq tədbirin təşkilatçılarına təşəkkür edib.