― 29 апреля 2025 г.
Macar–Türk Mədəniyyət, Ali Təhsil və İnnovasiya Zirvəsi Budapeştdə keçirildi
Budapeştdə 29 aprel 2025 keçirilən Macarıstan Mədəniyyət və İnnovasiya Nazirliyinin ev sahibliyi ilə Budapeştdə təşkil olunan Macar–Türk Mədəniyyət, Ali Təhsil və İnnovasiya Zirvəsi, Türk Dövlətləri ilə Macarıstan arasında mədəniyyət, ali təhsil, tədqiqat və innovasiya sahələrində əməkdaşlığı strateji səviyyəyə daşımağı hədəflədi.
Zirvədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan yüksək səviyyəli nümayəndələrlə yanaşı, TÜRKSOY-un Baş katibi Sultan Raev və Türk Dövlətləri Təşkilatının Baş katibi səfir Kubanıçbek Ömürəliyev iştirak ediblər.
TÜRKSOY-un Baş katibi Sultan Raev, zirvənin 29 aprel tarixli iclasında xüsusi qonaq qismində çıxış edib.
Zirvənin üçüncü ümumi iclasında iştirakçı ölkələrin mədəniyyət nazirləri “Ortaq mədəni bağlarımızı dünya ictimaiyyətinə necə daha yaxşı tanıda bilərik?” sualı ətrafında fikir mübadiləsi aparıblar. TÜRKSOY Baş katibi Sultan Raev çıxışında Macarıstan ilə Türk Dünyası arasında mövcud olan tarixi əlaqələrə və dərinləşən mədəni əməkdaşlığa diqqət çəkib.
Raev, XIX əsrdə macar alimlərinin türkologiya elminin formalaşmasında oynadığı rolu qeyd edərək, Ármin Vámbéry-nin mədəniyyətlərarası körpü qurmadakı önəmli rolunu xatırladıb. O, TÜRKSOY-un son illərdə macar qurumları ilə həyata keçirdiyi layihələrdən bəhs edərək deyib:
“Petőfi mövzusunda təşkil olunan beynəlxalq poeziya tərcümə müsabiqəsi və rəssamlar görüşü, ədəbi və vizual sənətlərdə ortaq yaddaşı yenidən canlandırdı.”
Zirvə çərçivəsində qəbul edilən “Macarıstan ilə Türk Dövlətləri arasında Ali Təhsil, Tədqiqat, İnnovasiya və Mədəniyyət sahələrində Əməkdaşlıq Bəyannaməsi” ilə tərəflər; muzeylərarası koordinasiya, ortaq film və animasiya istehsalı, yaradıcı sənaye tədbirləri, birgə universitet proqramları və süni intellekt–biotexnologiya kimi prioritet sahələrdə layihə əməkdaşlıqlarına başlamaq öhdəliyi götürüblər. Bəyannamədə TÜRKSOY-un üzv ölkələrlə Macarıstan arasında həyata keçirdiyi uğurlu mədəni əməkdaşlıq fəaliyyətlərinə xüsusi bənd həsr olunub və bu əməkdaşlığın genişlənərək davam etdirilməsi istiqamətində güclü iradə ortaya qoyulub. TÜRKSOY-un mədəni diplomatiya sahəsindəki institusional töhfəsi, nümunəvi təşəbbüslərlə ön plana çıxarılaraq ortaq mədəni irsin tanıdılmasındakı rolu yüksək qiymətləndirilib.
Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balázs Hankó açılış nitqində zirvənin yalnız elmi və mədəni əməkdaşlığa deyil, həm də xalqlar arasında qarşılıqlı anlayışın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. “Bu zirvə təkcə bu günü deyil, gələcək nəsillərin mədəni inkişafını da qurmağı hədəfləyir,” – deyə o bildirib.
Zirvənin sonunda iştirakçı ölkələrin nümayəndələri tərəfindən ortaq deklarasiya imzalanıb və regional mədəni əməkdaşlığın konkret addımlarla irəlilədilməsi iradəsi bir daha təsdiqlənib.