― 20 сентября 2025 г.
Kokandda III Beynəlxalq Tətbiqi Sənətlər Festivalı və Beynəlxalq Dulusçuluq Forumu açıldı
Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində yerləşən tarixi Urda Meydanında, III Beynəlxalq Tətbiqi Sənətlər Festivalı və Beynəlxalq Dulusçuluq Forumunun açılış mərasimi keçirildi.
Tədbirdə dünyanın 70-dən çox ölkəsindən gəlmiş təqribən 300 sənətkarla yanaşı, beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, özbək sənətkarları və çoxsaylı qonaqlar iştirak ediblər. Açılış mərasimində Fərqanə vilayətinin valisi Xayrulla Bozorov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin festival və forum iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirdi.
Prezident Mirziyoyev müraciətində Buxara, Kokand və Marğılan şəhərlərinin Dünya Tətbiqi Sənətlər Şurası tərəfindən “Dünya Tətbiqi Sənətlər Şəhəri” adına layiq görülməsinin böyük qürur mənbəyi olduğunu vurğulayıb. O həmçinin bildirib ki, bu il Riştan və Şahrixan şəhərləri də eyni ada layiq görülüb. Mirziyoyev çıxışında əlavə edib:
“Bu günlərdə TÜRKSOY Baş Katibliyi tərəfindən Kokand şəhərinə daha bir şərəfli ad – Türk Dünyasının Tətbiqi Sənətlər Şəhəri adı verildi. Bütün bu uğurları ölkəmizdə ənənəvi sənətlərin inkişafına göstərilən səylərin beynəlxalq müstəvidə bir daha yüksək qiymətləndirilməsi kimi dəyərləndiririk.”
Tədbir çərçivəsində TÜRKSOY-un Özbəkistandakı nümayəndəsi Şövkət Artikov, TÜRKSOY Baş Katibi Sultan Raevin təbrik məktubunu iştirakçılara çatdıraraq Kokand şəhərinin valisine “Türk Dünyasının Tətbiqi Sənətlər Şəhəri” adına dair xüsusi sertifikatı təqdim etdi.
Özbəkistanın tanınmış sənətçilərinin çıxış etdiyi konsert proqramı ilə davam edən açılış mərasimi, Urda Meydanını bəzəyən möhtəşəm atəşfəşanlıqla başa çatıb.