― 24 июля 2026 г.
II TÜRKSOY Muzeylər Birliyinin Təcrübə Proqramı Ankarada başa çatıb
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un birgə təşkilatçılığı, Ankara İl Mədəniyyət və Turizm Müdirliyi və Çubuk Bələdiyyəsinin dəstəyi ilə keçirilən II TÜRKSOY Muzeylər Birliyinin Təcrübə Proqramı bağlanış və sertifikatların təqdimetmə mərasimi ilə başa çatıb.
21–24 iyul 2026-cı il tarixlərində keçirilən proqramda Qazaxıstan və Türkiyədən ümumilikdə 15 muzey mütəxəssisi iştirak edib. Dörd gün davam edən proqram çərçivəsində seminarlar, texniki tanışlıq səfərləri və peşəkar təcrübə mübadiləsi tədbirləri təşkil olunub. İştirakçılar Türkiyədə muzey işi sahəsində tətbiq olunan müasir yanaşmaları yerində öyrənmək imkanı əldə ediblər.
Proqramın ikinci günündə Anadolu Medeniyetleri Müzesində keçirilən seminarda Mədəni İrs və Muzeylər Baş İdarəsinin mütəxəssisi, bərpaçı Tuğba Dirican mühafizə və bərpa işləri ilə bağlı təqdimatla çıxış edib. Daha sonra iştirakçılar Ankara Bərpa və Konservasiya Regional Laboratoriyası Müdirliyini ziyarət edərək burada həyata keçirilən elmi fəaliyyətlərlə tanış olublar.
Proqramın üçüncü günündə Anadolu Medeniyetləri Muzeyinin direktoru və Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavininin xüsusi katibliyinin rəhbəri Bahar Çakırhan muzeydə tətbiq olunan müasir muzeyçilik təcrübəsi haqqında iştirakçılara ətraflı məlumat verib. Günün ikinci yarısında nümayəndə heyəti Türkiye Büyük Millet Meclisi Müzesini, Cumhuriyet Müzesini və Xəzinə Muzeyini ziyarət edib.
Bağlanış mərasimində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülənt Gönültaş proqramın Türkiyə ilə Türk Dünyasının muzey mütəxəssisləri arasında peşəkar əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Daha sonra TÜRKSOY-un Türkdilli İcmalarla Əlaqələr Departamentinin rəhbəri Barış Cavid Mövsümlü proqramın yekunlarına dair ümumi qiymətləndirmə aparıb. Türkiyə Respublikası Prezident Administrasiyasının 15 İyul Demokratiya Muzeyinin direktoru Ali Haydar Atalar isə proqramın peşəkar baxımdan qazandırdığı təcrübə barədə fikirlərini iştirakçılarla bölüşüb.
Çıxışlardan sonra proqram iştirakçılarına sertifikatlar təqdim olunub.
Mərasim çərçivəsində, həmçinin Cumhuriyet Müzesi TÜRKSOY Muzeylər Birliyinin rəsmi üzvləri sırasına qəbul edilib. Üzvlük sertifikatı muzeyin direktoru Bahar Çakırhan adından direktor müavini Gamze Akgönül tərəfindən qəbul olunub.
Türk Dünyasının muzeyləri arasında peşəkar əməkdaşlığın inkişaf etdirilməsi, ortaq mədəni irsin qorunması sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə təşkil olunan II TÜRKSOY Muzeylər Birliyinin Təcrübə Proqramı, bağlanış mərasimindən sonra keçirilən mədəni ekskursiya proqramı ilə yekunlaşıb.