― 24 июня 2025 г.
Baş katib Sultan Raev Özbəkistan İslam Mədəniyyəti Mərkəzini ziyarət edib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev 2025-ci il iyunun 23-də Özbəkistanın paytaxtı Daşkənddə yerləşən İslam Mədəniyyəti Mərkəzini ziyarət etdi. Səfər çərçivəsində Baş katib Raev mərkəzin tikinti və sərgi hazırlıq işlərini yaxından nəzərdən keçirərək aparılan fəaliyyətlər haqqında rəsmilərdən ətraflı məlumat aldı.
İslam Mədəniyyəti Mərkəzinin Elmi Şurasının iclasına fəxri qonaq kimi iştirak edən Sultan Raev çıxışında qeyd edib ki, bu mərkəz yalnız Özbəkistan üçün deyil, bütün Türk və İslam dünyası üçün strateji və mədəni baxımdan mühüm əhəmiyyət daşıyır. Raev bu böyük layihənin Özbəkistan Prezidenti cənab Şövkət Mirziyoyevin “Yeni Özbəkistan” vizyonunun konkret təcəssümü olduğunu qeyd edib.
Toplantıda mərkəzin yenilənmiş konsepsiyası, muzey sərgilərinin zənginləşdirilməsi, beynəlxalq əməkdaşlıqlar və media layihələri kimi bir sıra mövzularda təqdimatlar olub. Eyni zamanda, TÜRKSOY ilə İslam Mədəniyyəti Mərkəzi arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
Ziyarət çərçivəsində sərgidə nümayiş olunması planlaşdırılan nadir əlyazmaları, qədim sikkələr və ənənəvi parçalar da təqdim edilib. Təqdimatlar arasında King’s College Xəttatlıq Məktəbi ilə birgə hazırlanacaq xəttatlıq sərgisi, rəqəmsal media layihələri və hərrac planlamaları xüsusi diqqət çəkib.
TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, İslam Mədəniyyəti Mərkəzi yalnız tarixi irsi qorumaqla kifayətlənməyəcək, həm də gələcəkdə Türk-İslam dünyasının mədəni əməkdaşlığına istiqamət verəcək elmi və dialoq mərkəzi funksiyasını daşıyacaq.
Tikintisi davam edən mərkəz 7 hektarlıq ərazidə inşa olunur və dörd tərəfində 34 metr hündürlükdə tağlar, ortasında isə 65 metr hündürlükdə monumental günbəzə malikdir. Açılışı beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılan mərkəzin 2025-ci ilin sonuna qədər fəaliyyətə başlaması hədəflənir.