― 30 июня 2025 г.
Baş katib Raev Manqıstau bölgəsindəki tarixi və təbii irs məkanlarını ziyarət etdi
2025-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı – Aktau ili çərçivəsində Qazaxıstanda səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raev, Manqıstau bölgəsinin önəmli tarixi və mədəni irs abidələrini ziyarət edib. Səfər proqramı zamanı Raevə Manqıstau Vilayət Hakimiyyətinin Mədəniyyət İdarəsinin müdiri Nurtas Saly müşayiət edib.
Baş katib Raev ziyarət çərçivəsində qazax xalqı tərəfindən müqəddəs sayılan Karaman Ata türbəsini və onun ətrafında yerləşən qədim nekropol sahələrini araşdırıb. Karaman Ata türbəsi təkcə dini bir şəxsiyyətin xatirəsini yaşadan məkan deyil, eyni zamanda əsrlər boyu bu torpaqlarda yaşamış türk tayfalarının kimliyini, inancını və mədəni yaddaşını simvolizə edən rəmzi bir mərkəz hesab olunur.
Ərazidə yerləşən qədim qəbirüstü daşlarda müşahidə olunan damğalar (tayfa işarələri) xüsusi diqqət çəkib. Oğuz və Qıpçaq ənənələri ilə bağlı olan bu nişanələr bölgədəki tayfaların sosial quruluşunu, etnik mənsubiyyətini və inanclarını sənədləşdirən önəmli mədəni irs nümunələri kimi qiymətləndirilir. Sultan Raev bu simvolların türk xalqlarının ortaq tarixi köklərini əks etdirdiyini vurğulayaraq, bu irsin qorunması və təbliği sahəsində ortaq məsuliyyətə diqqət çəkib.
Ziyarətin digər dayanacağı isə Manqıstau bölgəsinin təbii cəhətdən möhtəşəm yerlərindən biri olan Ibıktı Kanyonudur (Ыбықты сай). Qayalıq formaları və gözoxşayan geoloji quruluşu ilə bölgənin ən təsirli təbii gözəlliklərindən biri hesab olunan bu kanyon Baş katib Raev tərəfindən maraqla gəzilib. Kanyonun tanıdılması və ekoturizm potensialına dair dəyərləndirmələr yerli rəsmi şəxslərlə müzakirə edilib.
Manqıstau bölgəsi yalnız tarixi abidələri ilə deyil, həm də Şakpak Ata, Beket Ata və Karaman Ata kimi müqəddəs ziyarətgahları, qayalara oyulmuş məscidləri və bənzərsiz təbii formaları ilə Türk Dünyasının mənəvi və mədəni irsində xüsusi yer tutur.
TÜRKSOY heyəti ziyarətlərin sonunda bölgənin mədəni dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması, gənc nəslə ötürülməsi və qorunması istiqamətində, 2025 Türk Dünyası Mədəniyyət Paytaxtı proqramı çərçivəsində konkret əməkdaşlıq addımlarının atılacağını bildirib.