― 21 мая 2026 г.
2026 Türk Dünyasının Mədəniyyət Paytaxtı Əndicanda Rəssamlar Festivalı və Beynəlxalq İncəsənət Konfransı keçirilib
2026 - Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Özbəkistanın Əndican vilayətində türk xalqlarının ortaq mədəni yaddaşını sənətlə bir araya gətirən “Rəssamlar Festivalı” və beynəlxalq incəsənət konfransı geniş iştirakla keçirilib.
Özbəkistan Prezidenti Şevket Mirziyoyevin təşəbbüsü ilə həyata keçirilən festivalın açılış mərasimi Babur şəhərində yerləşən “Ziyolilar Bog‘i”ndə (Aydınlar Bağı) təşkil olunub.
Mərasimdə Əndican vilayətinin hakimi Şuhratbek Abdurahmanov, Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti Akmal Nur və TÜRKSOY-un Baş katibi Sultan Raev ilə yanaşı Özbəkistanın müxtəlif bölgələrindən gələn rəssamlar, heykəltəraşlar, fotoqraflar və çoxsaylı fəxri qonaqlar iştirak ediblər.
Festival çərçivəsində Yeni Əndican bölgəsində təşkil olunan genişmiqyaslı sərgilər sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Ənənəvi miniatür sənətindən müasir rəsm əsərlərinə, tətbiqi sənət nümunələrindən çağdaş incəsənət işlərinə qədər geniş spektrdə təqdim olunan əsərlər Türk Dünyası sənətinin zənginliyini nümayiş etdirib. Tədbir proqramı çərçivəsində sərgilərlə yanaşı yaradıcılıq görüşləri, ustad dərsləri (master class), açıq hava incəsənət proqramları və müxtəlif mədəni tədbirlər də keçirilib.
Festival proqramı çərçivəsində Əndican Dövlət Universitetinin ev sahibliyi ilə Özbəkistan Rəssamlıq Akademiyası, TÜRKSOY və Əndican Vilayət Hakimliyinin əməkdaşlığı nəticəsində “Türk Dünyası Sənəti: Tarixi-Mədəni İrs və Müasirlik” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans təşkil olunub.
Türk Dünyası sənətinin kökləri, mədəni ortaq dəyərlər və müasir inkişaf proseslərinin müzakirə olunduğu konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan çoxsaylı sənətşünaslar, alimlər və sənətçilər iştirak ediblər.
Sessiyalarda Özbəkistan Rəssamlıq Akademiyasından sənətşünaslıq doktoru professor Kamola Akilova, Qazaxıstandan Balnur Karabalayeva, Türkiyədən professor Ruhi Konak, Azərbaycandan Elçin Aliyev, Qırğızıstandan Tamara Kadyrbaeva və Türkmənistandan Azat Annayev çıxış edərək türk xalqlarının təsviri və tətbiqi sənət sahəsindəki ortaq dəyərlərini və mədəni irsini dəyərləndiriblər.
Sultan Raev: “Sənət ortaq sivilizasiya şüurunu gələcəyə daşıyan ən güclü körpüdür”
Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev ortaq mədəni yaddaşın sənət vasitəsilə gələcək nəsillərə ötürüldüyünü vurğulayaraq bildirib:
“Türk xalqlarının ortaq mədəni yaddaşı onların sənətində yaşayır. Əndicanda keçirilən bu festival və konfrans Türk Dünyasının ortaq sənət irsini gücləndirən mühüm mədəni görüşdür. Sənət xalqlarımızı bir-birinə yaxınlaşdıran, ortaq tarix və sivilizasiya şüurunu gələcəyə daşıyan ən güclü körpülərdən biridir.”
Konfransın sonunda iştirakçılara TÜRKSOY sertifikatları təqdim olunub. Tədbir çərçivəsində keçirilən görüşlərdə isə Türk Dünyasında incəsənət sahəsində ortaq layihələrin artırılması, gənc sənətçilərin dəstəklənməsi və mədəni əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi ilə bağlı mühüm fikir mübadiləsi aparılıb.