― 22 февраля 2025 г.
2025 Bəxtiyar Vahabzadə Anım İli çərçivəsində Ankara Bəxtiyar Vahabzadə Orta Məktəbində tədbir keçirildi
Türk Dünyasının görkəmli ədiblərindən, məşhur Azərbaycan şairi və yazıçısı Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə TÜRKSOY tərəfindən elan edilmiş 2025 Bəxtiyar Vahabzadə Anım İli çərçivəsində Ankara Bəxtiyar Vahabzadə Orta Məktəbində tədbir təşkil olundu.
Şairin adını daşıyan məktəbdə keçirilən tədbir, məktəb şagirdlərinin Bəxtiyar Vahabzadəyə ithafən çəkdikləri rəsmlərdən ibarət sərginin açılışı ilə başladı. Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Bilal Çevikdən sonra TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusuf, Azərbaycan Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Xalq Şairi Sabir Rüstəmxanlı, Mamak Rayon Milli Təhsil İdarəsinin şöbə müdiri Şahsanəm Düzgün çıxış etdilər.
TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusuf, Türk Dünyasının zəngin mədəni irsinə diqqət çəkərək, mədəniyyət və ədəbiyyat sahəsində mühüm şəxsiyyətlər yetişdirdiyini, onların arasında Azərbaycan şairi Bəxtiyar Vahabzadənin də xüsusi yerə sahib olduğunu qeyd etdi. Türk mədəniyyətinin insan dəyərlərini ön planda saxladığını bildirən Yusuf, Türk dilinin yayıldığı coğrafiyada sevgi, yardım, tolerantlıq kimi anlayışların hakim olduğunu vurğuladı. Bu zəngin mədəniyyətin geniş coğrafiyaya yayılmış nümayəndələrinin gənc nəsilə tanıdılmasının vacibliyini qeyd etdi.
Azərbaycan Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan müasir ədəbiyyatının görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin adını daşıyan məktəbdə olmaqdan məmnunluğunu dilə gətirdi. Cəfərov, Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə ölkə daxilində genişmiqyaslı tədbirlərin keçiriləcəyini bildirdi. Bu çərçivədə, Azərbaycanda təşkil olunacaq tədbirlərə Ankara Bəxtiyar Vahabzadə Orta Məktəbinin şagird və müəllimlərinin qatılma imkanlarının nəzərdən keçiriləcəyini qeyd etdi.
Gənc nəslin inkişafında ədəbiyyatın, şeirin və yazının roluna toxunan Azərbaycan Xalq Şairi Sabir Rüstəmxanlı, Vahabzadənin şeirlərində milli duyğulara, vətənə və torpağa bağlılıq hissinin xüsusi yer tutduğunu vurğuladı. Azərbaycanın milli oyanışının və Sovet hakimiyyətinə qarşı aparılan müstəqillik mübarizəsinin simvolik isimlərindən olan Bəxtiyar Vahabzadənin gənclər tərəfindən çiyinlərdə daşındığını və şeirlərinin dillər əzbəri olduğunu söylədi.
Mamak Rayon Milli Təhsil İdarəsinin şöbə müdiri Şahsanəm Düzgün isə çıxışında, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində məktəblərə verilən adlarla bağlı konfranslar təşkil etdiklərini və bu adların geniş kütlələrə tanıdılması üçün işlər apardıqlarını bildirdi. Bu çərçivədə, növbəti tədris ilində Ankara Bəxtiyar Vahabzadə Orta Məktəbinin də bu layihəyə daxil ediləcəyini və Azərbaycan şairi Bəxtiyar Vahabzadə ilə bağlı xüsusi tədbirin keçiriləcəyini vurğuladı.
Tədbirin konsert hissəsində məktəb şagirdləri Elvin Çırak və Batuhan Kahraman Bəxtiyar Vahabzadənin şeirlərini, İkra Bektaş isə şairin sözlərinə bəstələnmiş bir mahnını ifa etdilər. TRT sənətçisi Barış Akpınar, Azərbaycan Dövlət Himni və Azərbaycan ilə Türkiyəyə aid mahnılar səsləndirərək tədbirə rəng qatdı.
Proqramın son hissəsində Azərbaycanın ənənəvi musiqi janrı olan muğam sənətinin ən görkəmli ifaçılarından biri, Azərbaycanın Xalq Artisti Mələkxanım Eyyubova, kamançacı Araz Ağaverdiyev, nağaracı Ramin Abdullayev və tarzən Altay Niftəliyev çıxış etdilər. Muğam qrupunun möhtəşəm çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbir, Azərbaycan Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun Ankara Bəxtiyar Vahabzadə Orta Məktəbinə Bəxtiyar Vahabzadənin portretini hədiyyə etməsi və iştirakçılara plaket, təşəkkürnamələrin təqdim edilməsi ilə başa çatdı.