― 30 апреля 2025 г.
2-ci Türk Dünyası Balet və Xoreoqrafiya Təhsil Müəssisələrinin Toplantısı Ankarada keçirilib
Türk Dünyasının ortaq mədəni irsini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə 30 aprel 2025-ci il tarixində təşkil olunan 2-ci Türk Dünyası Balet və Xoreoqrafiya Təhsil Müəssisələrinin Toplantısı TÜRKSOY-un ev sahibliyi ilə Ankarada keçirilib.
Toplantının açılışında çıxış edən TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf, Türk Dünyasının ortaq mədəni dəyərlərinin əhəmiyyətinə toxunaraq, balet və xoreoqrafiya kimi səhnə sənətləri sahəsində həyata keçirilən bu əməkdaşlığın təkcə bədii deyil, eyni zamanda mədəniyyət quruculuğuna da xidmət etdiyini bildirib. Sayit Yusuf çıxışında aşağıdakı fikirlərə yer verib:
“Ortaq tariximiz, ortaq sivilizasiyamız və mədəni dəyərlərimiz bizə böyük bir irs qoyub. İncəsənət, dilləri və sərhədləri aşan ümumbəşəri bir dildir. Bu mənada balet və xoreoqrafiya sahəsindəki bu toplantı təkcə bir sənət tədbiri deyil, Türk Dünyasının ortaq gələcəyinin qurulması yolunda mühüm bir addımdır. Biz bu ortaq dili inkişaf etdirərək xalqlarımız arasındakı bağları gücləndirməyi və gənclərimizə daha güclü mədəni baza buraxmağı hədəfləyirik.”
Sayit Yusuf, eyni zamanda toplantının Türk Dünyasında mədəni sahədə aparılan ortaq fəaliyyətlərin konkret bir nümunəsi olduğunu vurğulayaraq, TÜRKSOY-un baş katibi Sultan Raevin xaricdə olduğu üçün tədbirdə iştirak edə bilmədiyini, lakin iştirakçılara salamlarını çatdırdığını qeyd edib. O, həmçinin Raevin proqramını irəli çəkərək toplantının qala tədbirində iştirak edəcəyini bildirib.
Toplantıda, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə bağlı Dövlət Opera və Baletinin Baş direktoru Tan Sağtürk də çıxış edib. Sağtürk, Türk Dünyasının incəsənət sahəsində əldə etdiyi uğurları qeyd edərək, bədii əməkdaşlıqların institusionallaşdırılmasının vacibliyinə diqqət çəkib. O, həmçinin Türk Dünyasının gənc sənətçilərinin beynəlxalq platformalarda daha çox tanınmasının məhz bu cür toplantılar vasitəsilə mümkün olacağını vurğulayıb.
Toplantının salamlaşma çıxışlarında aşağıdakı şəxslər də iştirak edərək təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib və ortaq layihələrə dair fikirlərini bölüşüblər:
- Azərbaycan Respublikasının Bakı Xoreoqrafiya Akademiyasının rektor müavini dosent Təranə Muradova,
- Qazaxıstan Xoreoqrafiya Akademiyasının rektoru professor Dr. Bibigül Nussipjanova,
- A. Seleznev Almatı Xoreoqrafiya Məktəbinin direktoru Toğjan Karmenova,
- Qırğızıstan Ç. Bazarbayev Bişkek Xoreoqrafiya Məktəbinin bədii rəhbəri Aida Axmadalieva,
- Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru professor Şuxrat Toxtasimov
və - Türkiyədən Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının müdiri professor Metin Munzur.
TÜRKSOY-un ev sahibliyi ilə keçirilən toplantı, Türk Dünyasında mədəni əlaqələrin gücləndirilməsi və təhsil müəssisələri arasında davamlı əməkdaşlıqların qurulması məqsədilə uğurla başa çatıb. İştirakçılar müxtəlif iclaslarda bir araya gələrək ortaq fəaliyyət sahələrini müəyyənləşdirib və gələcəkdə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar.